Masallıdan “Harvard”a uzanan yol: “Ailəm məni hər mövzuda dəstəkləyir” - MÜSAHİBƏ + FOTO

 

Ailədə elə şərait yaradılmalıdır ki, uşaq özü oxumağa həvəs göstərsin. Əgər uşaq valideynlərin münasibətinə qiymət verirsə, yaxınlarının məhəbbətini və qayğısını hiss edirsə, başa düşəcək ki, dərsə ciddi yanaşma onlar üçün vacibdir. Elə Nərgiz Məmmədovanı uğura aparan yolda ən böyük dəstəkçisi də məhz ailəsi olub.

"Kaspi" qəzetinin Nərgiz Məmmədova ilə olan müsahibəsini təqdim edirik:

Müsahibimiz Nərgiz Məmmədova 21 sentyabr 1998-ci ildə dünyaya gəlib. Orta təhsilini Masallı rayonu, Rasim Əliyev adına Mollahəsənli kənd tam orta məktəbində alıb. İqtisadiyyat fakültəsi üzrə bakalavr təhsilini 2015-2020-ci illərdə ADA Universitetində, ilk magistratura təhsilini isə 2020-2022-ci illərdə Rusiyanın Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbində (National Research University Higher School of Economics) “Economics-Research Program” üzrə alıb. 

Nərgiz deyir ki, bu gün qızlarının təhsil almasına mane olan ailələrin mövcudluğu onu da məyus edir: “Müasir dövrdə qızların təhsil almalarına qadağa qoymaq cəmiyyətin inkişafına ziyanlı yanaşmadır. Təhsil insanların potensialını açır, onlara yeni imkanlar verir və cəmiyyətin mədəniyyət, texnologiya və iqtisadiyyat sahəsində irəliləməsinə şərait yaradır. Bugünkü dünyada qızların təhsil almasına ehtiyac var. Onlara müstəqil, müasir cəmiyyətin qurulması prosesində eyni imkanlar təqdim edilməlidir”.

Ailəsi onu hər mövzuda dəstəklədiyi üçün müsahibimiz özünü həmyaşıdlarından şanslı hesab edir:

“Şanslı qızam ona görə ki, valideynlərimin və yaxınlarımın sevgisi ilə böyümüşəm, sevgiyə ac deyiləm. Okeanın o tayında belə olsam məndən sadəcə bir zəng qədər uzaq olan dostlarım var. Vaxtilə ADA Universitetində təhsil alma imkanım olduğu üçün şanslıyam. ADA bugünkü Nərgizi bir şəxsiyyət olaraq formalaşdırdı və bunda mənim dəyərli professorum olan Elkin Nurməmmədovun rolu böyükdür. 

Ailəm də məni hər mövzuda dəstəkləyir. Çünki, onları utandıracaq bir addım atmayacağımı bilirlər. Onların güvəni mənə hər zaman güc verir”. 

Nərgiz deyir ki, birinci magistr təhsilini bitirdikdən sonra “Harvard”da magistr pilləsi üzrə növbəti təhsil ən böyük xəyalı olub:

“2022-ci ildə ilk magistr təhsilimi başa vurduqdan sonra planım ABŞ-də iqtisadiyyat üzrə doktorantura təhsili almaq idi və bu məqsədlə bir sıra universitetlərə müraciət edib müsbət geri dönüşlər almışdım. Lakin sonradan özümü dövlət idarəetməsi sahəsində sınamaq qərarına gəldim. “Harvard”da təhsil almaq 2011-ci ildən bəri xəyalım olub. 

Mən “2022-2026” Dövlət Proqramı çərçivəsində Harvard Kennedy Məktəbinin 2 illik magistr proqramı olan Beynəlxalq İnkişafda İctimai İdarəçilik təhsil proqramında təhsilimi davam etdirirəm. Harvard Kennedy School MPA/ID proqramı, nəzəriyyə və təcrübəni birləşdirən, rigoroz və tərəfdaş tədris proqramı kimi tanınır. MPA/ID proqramının unikal xüsusiyyətlərindən biri sahə təcrübəsinə və tətbiqi praktikaya vurğu etməsidir. Tələbələr çox vaxt təcrübələrə, tədqiqat layihələrinə və öyrəndiklərini reallaşdırmağa imkan verən əməkdaş təcrübələrə qoşulurlar”.

Müsahibim deyir ki, həmkarlarından fərqli olaraq təhsilini bitirdikdən sonra fəaliyyət sahəsini dəyişmək istədiyi istiqamətlər var:

“Əsas ixtisas sahəm iqtisadiyyat olsa da, maliyyə və data analitikasına marağım hər zaman güclü olub. “Harvard”da təhsil müddəti ərzində Finance və Data Science yönümlü dərslər alıb onların idarəetmə və iqtisadi inkişaf sahələrində rolunu araşdırmağı düşünürəm”. 

Nərgiz yüksək keyfiyyətli təhsil almaq və arzularına çatmaq üçün şirin yuxusundan və bir çox şeydən keçməli olub:

“Yuxu vaxtımın bir hissəsindən vaz keçməli oldum. Ən sevimli hobbilərimə zaman ayıra bilmirdim. Dərslərimə daha çox vaxt ayıra bilmək məqsədilə sosial fəaliyyətlərimi məhdudlaşdırdım. Amma bu qurbanlar mənim təhsilimin keyfiyyətini artırdı və qarşımda daha böyük perspektivlər açdı. Təhsilim boyunca qurban verdiyim şeylər, nəhayətində böyük ödüllər və perspektivlər gətirdi. Çünki özümü öyrənən və inkişaf edən bir şəxs kimi hiss edirəm. Zaman-zaman maddi çətinliklərlə üzləşsək də, valideynlərim üçün öncəlik hər zaman mənim və bacımın təlim-tərbiyəsi olub”.

Nərgiz deyir ki, qız uşağının təhsilini və inkişafını ən yüksək prioritet kimi qəbul etmək lazımdır:

“Qızlarınıza mümkün qədər geniş imkanlar təmin edin ki, öz potensiallarını reallaşdırmaq imkanı qazansınlar. Onların müstəqil düşünmə və qərarvermə bacarığına nail olmalarına kömək edin. Onlara mənəvi dəyərlər və etik prinsipləri öyrədin. Özlərinə və başqalarına hörmətli olmalarını, yardım etmələrini təşviq edin. Qızlarınıza hər zaman dəstək və anlayış göstərin. Onların seçimlərinə, marağına və həyati məqsədlərinə hörmət edin. Bunlar qızlarınızın müstəqil və özünəgüvənli bir şəkildə inkişaf etməsinə və cəmiyyətə pozitiv təsir etməsinə kömək edəcək.

Gələcək üçün daha yaxşı yatırım, əlbəttə ki, zəkaya, dünyagörüşünə və intellektual inkişafa yatırım etməkdir. Vizuallıq önəmlidir, lakin zəka, müstəqil düşünmə, problem həll etmə qabiliyyəti, tədqiqat və analitik bacarıqlar, innovativ yanaşma – həmin mühitin fərqli sahələrində nailiyyət qazanmağa vadar edən faktorlardır”.

Nərgiz Məmmədova təhsilini bitirdikdən sonra Azərbaycana qayıtmağı düşündüyünü deyir: “2022-2026” Dövlət Proqramının şərtlərinə əsasən, məzunlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb beş il işləməlidirlər. Mən də təhsilimi başa vurduqdan sonra Vətənə qayıtmağı düşünürəm. Müasir Azərbaycan gənci olaraq məqsədim cəmiyyətə faydalı olmaqdır”. 

0.14644718170166