“Emmi” mükafatının təqdimatı təxirə salındı

 

Bu il sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” televiziya mükafatının təqdimat mərasimi Hollivudda aktyor və ssenari müəlliflərinin tətili səbəbindən gələn il yanvarın 15-nə təxirə salınıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, mərasim Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a kimi “Fox” telekanalında yayımlanacaq. Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisi Martin Lüter Kinqin doğum gününə həsr olunmuş dövlət bayramına - Martin Lüter Kinq Gününə təsadüf edir.

Qeyd edək ki, “Emmi” mükafatının təqdimat mərasimi 2001-ci ildən bəri ilk dəfə təxirə salınıb. O zaman tədbir 11 sentyabr terror hücumları və oktyabrın 7-də ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlaması səbəbindən təxirə salınmışdı.

Xatırladaq ki, təxminən 160 min aktyorun maraqlarını təmsil edən Amerika Televiziya və Kino Aktyorları Federasiyasının tətili iyulun 14-də başlayıb və faktiki olaraq ABŞ kino sənayesində bütün istehsalı dayandırıb. Aktyorlar daha yüksək maaş və iş vaxtından artıq iş üçün əlavə təzminat, həmçinin film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını tələb edirlər.

0.12967777252197