Dövlət başçısı İlham Əliyevlə görüşən tanınmış aktyor və Xalq artisti Rasim Balayev aldığı mükafatdan və ona yönəldilən tənqidlərdən danışıb.
Demokratikmusavat.com xəbər verir ki, görüş təəssüratları ilə bağlı Gununsesi.info–ya açıqlama verən Balayev dövlət başçısı İlham Əliyevə bu mükafata görə təşəkkürünü bildirib.
“Ürəyimdən keçən səmimi sözləri dedim ona. Yəni, Azərbaycan kinosunun vəziyyəti o qədər də, yaxşı deyil. Biz borcluyuq ki, böyük qələbələrimizi ekrana daşıyaq. Prezident təşəbbüsü dəstəklədi”.
Aktyor Balayev söyləyib ki, çoxlu sayda şəhidlərimiz və qəhrəmanlarımızla bağlı kino çəkilməli və bunlar gənc və sonrakı nəsillərə təqdim edilməlidir.
“Biz borcluyuq. İnşAllah, bu borcumuzdan çıxmaq istəyirik. Allah bizə yar olsun”, deyə Balayev vurğulayıb.
İlham Əliyevi Babəklə müqayisə etməsinə görə, tənqidçilərinə isə Rasim Balayev belə deyib:
“Oradan qaçan, çıxan, döşünə döyən adamlar – hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Bu gün mən ağlıma gəlmirdi.
Mən bir sərkərdə və baş komandan kimi dedim ki, bu günün Babəki sizsiniz. Ermənilər aldıqları yerlərimizi heç vaxt qaytarmayıblar. İlk adam idi ki, onların aldığı yerləri qaytardı. Mən bir simvolik mənada dedim. Qəhrəman necə olur? Belə olur da!”.
Balayev bildirib ki, Babəklə bağlı həmin sözləri dövlət başçısına heç bir yaltaqlıq olmadan söyləyib.
“Heç bir yaltaqlıq olmadan, iç səmimiyyətimlə, qəlbdən gələn söz olaraq dedim. Kimin xoşuna gəlmirsə, özü bilər. Ancaq bu gün camaatı oraya köçürür. Heç kimin ağlına gəlmir ki, laçınlı gedir, orada yaşayır. Bu adam orada böyük işlər görür. Günü-güzəranı oradadır. Hanısa sərin yerdə bu a dam gedib keyf edə bilərdi. Bunu qiymətləndirmək camaata xoş gəlmir ki?!”.
Akif İslamzadə ilə bağlı eyni gündə doğulduqlarını söyləyən aktyor Rasim Balayev onu xalqın qəlbində yer aldığını bildirib.