Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Əzizovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Rəhman Əzimov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub, sonuncu zərbənin təsirindən yerə yıxılıb və başı asfalt örtüyünə dəyərək xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin orada dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
R.Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə dindirilmiş Rəhman Əzimov ifadəsində göstərib ki, hadisə günü işdən gələndən sonra Zabrat qəsəbəsində yerləşən kafedə tanışları ilə birlikdə yeyib- içib. Bir müddətdən sonra tanışlarından iki nəfər çıxıb gediblər. Məhəmməd Əliyev kafeyə daxil olandan sonra tanışları Rövşəni əyləşdiyi masaya çağırıb. Tanışı isə Məhəmmədə Rəhmanla bir yerdə oturdugunu söyləyib. Cavab olaraq Məhəmməd Rövşənə "Rəhman kimdi ki, onunla bir masada oturmusan?" deyib. Bu sözü eşitsə də, əvvəl fikir verməyib. Amma bir neçə dəqiqədən sonra Məhəmmədin onun haqqında belə ifadə işlətməsinə əsəbləşib.
Rəhman Əzimov bildirib ki, bir neçə diqəqə sonra Rövşənlə Məhəmməd kafedən çıxanda arxalarınca gedib. Marketin qarşısında bir az əvvəl işlətdiyi ifadəyə aydınlıq gətirməsini tələb edəndə Məhəmməd yaxşı elədiyini deyib. Kobud cavab qaytaran şəxsin üzünə yumruqla zərbə vuran kimi o, yerə yıxılıb. Huşsuz vəziyyətdə olan Məhəmmədi təpiklə bir-iki dəfə vurub ki, yerdən ayağa qalxsın. Bu zərbələrin təsirindən onun ölə biləcəyinə inanmayıb.
"Rövşən Məhəmmədlə birlikdə çölə çıxdıqdan sonra yaxınlıqdakı marketə getdilər. Onlar marketdən çıxdıqda Məhəmmədə dedim ki, "o nə sözdür sən Rövşənə bayaq dedin? Necə yəni Rəhman kimdir ki, sən onunla oturmusan?". Məhəmməd isə mənə "yaxşı eləmişəm demişəm, sən kimsənki, sən nə zibilsən ki...." deyə cavab verdi. Belə deməsi əsəblərimə toxundu, ona görə də Məhəmmədə bir dəfə çənəsindən yumruqla vurdum. Məhəmməd yerə yıxıldı, geriyə çönüb getmək istədim. Həmin an eşitdim ki, Rövşən birdən-birə Məhəmmədə tərəf qaçaraq "buna nə oldu" dedi. Geriyə çönüb Məhəmmədin yerə yıxıldığını gördüm. Onun bir yumruq nəticəsində yerə yıxılaraq huşsuz vəziyyətə düşməsinə inanmadım. Düşündüm ki, Məhəmməd "aktyorluq" edir, yalandan yerə yıxılıb. Buna görə də təkrarən ona yaxınlaşaraq 1-2 dəfə onun ayaq nahiyəsindən astaca vurdum ki, onu yerdən qaldırsın. Lakin o, yerindən qalxmadı. Mən də Məhəmmədin bu zərbədən öləcəyinə inanmadığıma görə həmin ərazini tərk edərək evə getdim".
İki gündən sonra 15-ci polis bölməsinə dəvət olunan Rəhman Əzimov baş vermiş hadisəni polis əməkdaşlarına danışıb.
Rəhman Əzimov əlavə edib ki, Məhəmməd Əliyevi yumruqla vurarkən onu öldürmək niyyəti olmayıb.
Məhkəmə iclasında Rəhma Əzimov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.
Sonda məhkəmənin hökmü ilə Rəhman Əzimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.