Ətin qiyməti bu yay niyə ucuzlaşmadı?

 

Son bir ayda ətin qiyməti regionlarda 7-8, paytaxtda isə 10-faizə qədər bahalaşıb. Qurban bayramı günlərində artan qiymətlər öz səviyyəsini bu gün də saxlamaqdadır. 

Halbuki, əvvəlki illərdə yay aylarında digər kənd təsərrüfatı məhsulları kimi ətin də qiyməti nisbətən aşağı düşürdü. Üstəlik, yay aylarında bir qayda olaraq ət məhsullarına tələbat azaldığı üçün də qiymətlərdə düşüş olurdu. 

Amma bu il biz ənənəvi qiymət enişini görmürük. Əksinə, qiymətlər artmaqda davam edir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, əvvəllər bir qayda olaraq isti yay günlərində ət məhsullarının qiyməti 10-12 faiz aşağı düşürdü:

“Bu da yay aylarında əhalinin ətə olan marağın azalması ilə bağlı idi. Lakin, bu il ətin qiymətinin aşağı düşməsini müşahidə edə bilmədik. Bu da onunla bağlıdır ki, ölkəmizdə heyvandarlıq məhsullarında bir qədər qıtlıq var. Qıtlıq olan yerdə isə qiymətlər heç zaman aşağı düşmür. 

Çox təəssüf ki, hazırda ölkə üzrə əhalinin ət məhsuluna olan ehtiyacın yalnız 50 faizi yerli istehsal hesabına ödənilir. Qalan 50 faizi isə idxal hesabına ödənilir. Son illərin təcrübəsində belə anoloji statistikaya rast gəlinmir. Ona görə də yerli istehsalın azalması qiymətlərin artmasına səbəb olur. 

Bir sözlə, hazırda ətlə bağlı tələb təklifi üstələyir. Digər tərəfdən, son zamanlar fermerlərdə heyvandarlığa maraq azalıb. Bunun da bır sıra səbəbləri var. Əsas səbəb isə yem məhsullarının kəskin bahalaşması və təbii otlaqların azalmasıdır. Bundan başqa davam edən inflyasiya fonunda ətin maya dəyəri də bahalaşır”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 4 aylıq hesabatında göstərilir ki, yanvar-aprel ayları ərzində Azərbaycana xarici ölkələrdən 20 milyon 946.16 ABŞ dolları dəyərində diri heyvan idxal olunub. 

2022-ci ilin eyni dövründə isə bu dəyər 14 milyon 639.71 min dollar təşkil edib.

Buradan aydın olur ki, 1 il ərzində diri heyvan idxalında 6 milyon 306,45 min dollar dəyərində və ya 30,11 faizlik artım baş verib.

4 ayda ət idxalının 30 faiz artması isə xeyli narahatlıq  doğurur...

0.26887512207031