"Tender kralı"nın yarım milyon borcu var - Ölkədən çıxışına "stop" qoyulur

 

Bir sıra dövlət qurumlarının milyonluq tenderlərinin qalibi olan şirkətin rəhbərinin ölkədən çıxışına "stop” qoyulur. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, Hacızadə Elman Xalid oğludur. 

"Stone Construction” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qanuni təmsilçisi və baş direktoru olan Elman Hacızadənin külli miqdarda vergi borcu yaranıb. Hazırda onun rəhbəri olduğu QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 457 min 265 manat 44 qəpik vergi borcu var. 

Yarım milyon manata yaxın vergi borcu olan şirkət indiyədək Bakı Şəhər Təhsil İdarəsi, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər bir sıra dövlət qurumlarının ən kiçik məbləğlərdən milyonluq tenderlərə qədər bir çox satınalma müsabiqəsinin qalibi olub. 

Vergi borcunu ödəməyən Elman Hacızadənin ölkədən çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması üçün iş məhkəməyə göndərilib. Yaxın günlərdə qərar elan olunacaq.

0.27312397956848