Türkiyənin Bursa şəhərində 10 ildir dağda tək yaşayan İlhan Budak içərisinə beton tökdüyü bidonlarla olimpiya oyunlarına hazırlaşır.
Demokratikmusavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı İ.Budak ona lazımlı olan dəstək göstərildiyi təqdirdə yarışlarda iştirak edəcəyini bildirib.
O, bu həyat tərzinin ona xoş təsir bağışladığını və təbiətlə birgə yaşamaqdan həzz aldığını qeyd edib.
Çətin şəraitdə su tapmaq üçün belə kilometrlərlə yol qət edən Budak çətin relyef şəraitinə alışdığını və idmançı olmağın üstünlüklərindən burada daha rahat istifadə etdiyini vurğulayıb.
Vaxtilə Uludağa dırmaşan, alpinistlərlə dostluq edən Budak lazım olmadığı təqdirdə şəhərə enmədiyi üçün ziyarətçilərindən başqa heç kimlə görüşmür.
Texnoloji imkanlardan uzaq olan Budak təhsilindən də geri qalmır. Qiyabi şəkildə universitet oxuyaraq təhsil həyatına davam edən Budak 20 ilə yaxındır idmanla maraqlanır.
O, qatıldığı yarışlardan çoxlu medallar aldığını və seçdiyi həyatla bağlı heç bir çətinlik çəkmədiyini bildirib:
“Təbiəti sevirəm, ona görə də burada yaşayıram. Səhər tezdən ortalama 20 km məsafəni qaçıram, adətən çəki məşqləri edirəm və kitab oxuyuram. Mənimki təcriddən daha çox, həyat tərzidir. Bu həyatı sevirəm”, - deyə o bildirib.
Bununla yanaşı, o 300 kiloqrama qədər ağırlıq qaldıra biləcəyini söyləyib:
“Maddi vəziyyətim bir az pis olduğu üçün bidonlara sement tökərək işləyirəm. Əvvəllər 100 kiloqramda işləyirdim, indi 200 kiloqrama qədər işləyirəm. Mən ağırlıqqaldıran deyiləm, marafonçuyam. Amma ağır atletika kimi güc idmanlarında möhkəməm. Maddi dəstək tapa bilsəm, Türkiyə üçün olimpiadalarda və ya yarışlarda iştirak edib yüksək nəticələr əldə edə bilərəm. Relyef şəraitim 20-22 km, bəzən 50-60 kilometr arasında olur. Bodrumda 100 kilometrdən çox qaçmışam”, - o əlavə edib.
Məhəmməd Allahyarlı (təcrübəçi)