Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar.
Demokratikmusavat.com xəbər verir ki, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov bildirib ki, ilanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:
"Öz həyətində ilanlardan qorunmağın ən yaxşı həyətini ilanlar üçün cəlbedici etməməkdir. Həyətdə tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər".
Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb:
"İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalnız özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar".
Bütün bu hallarda ilan oraya insanı sancmaq üçün gəlmir. İlan sadalanan səbəblərə görə oraya gəlir. Səliqəli, abad, ovuc içi kimi təmiz yerdə ilanı zəncirləsən də, orada qalmayacaq. İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, yuyucu vasitə, kükürd, kerosin, mazut, kül tökə, yaxud da yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilandan qoruna bilərsiniz