Xaçmaz rayonunda həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən Gündüz Məhərrəmovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, Xaçmaz rayonunun Arzu kəndində 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqla qətlə yetirilib. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.
Cinayəti törətməkdə şübhəli bilinən Gündüz Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Gündüz Məhərrəmov ifadəsində bildirib ki, İlqar Novruzovu qəsdən öldürmək fikri olmayıb. 2015-ci ildən etibarən o, hər dəfə sərxoş halda qarşısına çıxanda onu təhqir edib. İlqarın ifadələrini içkili olduğuna görə bağışlayıb. Uzun müddət təhqirlərə məhəl qoymamağa çalışsa da Novruzov sanki onu qəsdən sövq edirdi ki, Gündüz onunla dalaşsın.
Artıq onun bu hərəkətlərinə dözə bilməyən Gündüz günlərin bir günü İlqarı yumruqla vurub.
Son bir ayda İlqarın hərəkətləri artıq onu dözülməz vəziyyətə gətirib çıxarıb.
Həm özünün, həm də ailəsinin təhlükəsizliyi üçün İlqarla görüşüb bu hərəkətlərə birdəfəlik son qoyulması qərarına gəlib.
Bu məqsədlə Novruzovun yaşadığı daxmaya gedib: "Ora çatanda İlqarın meyvə bağlarının arasındakı cığırla evinə tərəf gəldiyini gördüm. Onunla salamlaşıb qaldığı yerə getdik. Oturan kimi İlqar başladı araq içməyə. Bir az keçmişdi, başladı məni yenə söyməyə. Durdum ayağa dedim, daha bəsdir, üzr istə məndən. Başladı yenə daha sərt söyüşlər söyməyə. Artıq əsəbiləşib cibimdən bıçağı çıxardıb, onun başından bir neçə zərbə vurdum".
Məhərəmov ifadəsinin davamında bildirib ki, İlqar zərbələrdən sonra heç bir təsiri olmadığı kimi onun üstünə cumub. Dalaşa-dalaşa maşının yolunun kənarına gəliblər. Orada İlqara bıçaqla daha bir neçə zərbə endirib. Axırıncı zərbədən sonra Novruzov yerə yıxılıb. Gündüz qana bulaşmış bıçağı cibinə qoyub və yaxınlıqdakı çayxanaya gəlib.
Axşam saatlarında polis əməkdaşları evlərinə gələrək onu şöbəyə aparıblar. Orda bilib ki, İlqar Novruzov çoxlu qan itirdiyindən xəstəxanada ölüb.
Məhkəmə prosesi zamanı Gündüz Məhərrəmov itiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə Gündüz Məhərrəmov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Gündüz Məhərrəmov apelyasiya şikayəti verib. O, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.
Gündüz Məhərrəmovun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada Gündüz Məhərrəmovun şikayəti qismən təmin edilib. Onun cəzası 15 ilə endirilib.