Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə cari aktivləri 39,6% artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5% yüksələrək 80,84 milyard manata çatıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings” (CIS) B.V. tərəfindən şirkətin maliyyə hesabatına verilən rəydə deyilir.
“Qlobal iqtisadi aktivliyin zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq, SOCAR ötən ili yüksək nəticələrlə başa vurmağa nail olub.
Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha rentabelli idarə edilməsi, innovativ və beynəlxalq təcrübələrin tətbiqi, habelə həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri xüsusi yer tutub”, - məlumatda deyilir.
Şirkətin ümumi dövriyyəsi 2021-ci illə müqayisədə 53,8% artaraq 119,23 milyard manata yüksəlib. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Bu xüsusda, SOCAR gəlir marjasını 11,4%-dən 12,3%-ə, xalis mənfəətini isə 346% artıraraq, 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib və müvafiq olaraq, 60,6% və 25,9% artıb. Ən böyük artım isə 151% ilə təbii qazın satışında qeydə alınıb.
Qlobal enerji bazarlarında müşahidə edilən kəskin rəqabət mühitinə və neft-kimya sənayesində gəlir marjalarının azalmasına baxmayaraq, “Petkim” və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə STAR NEZ-də istehsal potensialından istifadə əmsalı 113%-ə yüksəlib, “Petkim”in ümumi dövriyyəsi isə 70,3% artıb.
Bununla yanaşı, “SOCAR Karbamid” zavodunun ümumi istehsal həcmi və ixrac gəlirləri müvafiq olaraq 51,2% və 75,9% yüksəlib. Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi əməliyyat effektivliyinin, nəticədə gəlirlərin yüksəlməsinə təsir göstərib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5% artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6% artaraq 12,49 milyard manata yüksəlib.