Bibisini yatdığı yerdə baltaladı - Masazırdakı qətlin təfərrüatı - FOTO

 

Abşeron rayonunda bibisini qətlə yetirməkdə təqsirli bilinən Vüsal Şıxəliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Vüsal Şıxəliyev saxlanılıb.

Ona qarşı, cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

İş üzrə dindirilmiş Vüsal Şıxəliyev ifadəsində bildirib ki, bibisini namus üstündə öldürüb. Qadın onlarla eyni küçədə evlərindən təxminən 30 metr aralıda həyat yoldaşı və iki övladı ilə yaşayıb. Ev 2 mərtəbədən ibarət olub. Birinci mərtəbəni hadisədən 4 ay əvvəl Röyal adlı bir nəfərə kirayə veriblər. Onunla münasibəti yaxşı olub. 2-3 ay əvvəl Vüsal ona borca 50 manat pul verib. 

Dekabrın 2-si saat 20:00 radələrində pulunu almaq üçün Yeganə İmanverdiyevanın evinə yollanıb. Bibisini evdə əri olmaya-olmaya Röyalın yanında görüb onların arasında hər hansi bir yaxın münasibət ola biləcəyindən şübhələnib saçından tutub və onu həyətə çıxarıb öz otaqlarının qapısına tərəf gətirib. Ona yumruqla zərbələr vurarkən oğlu Arzu və qızı Zeynəb qapıya çıxıb onları aralayıblar. 

Növbəti gün Kamil İmamverdiyevin işə getməsini gözləyib. 

Dekabrın 3-də səhər tezdən evdən baltanı götürüb gödəkcəsinin içərisinə qoyub. İkinci mərtəbənin qapısı açıq olduğundan evə rahat daxil olub. Bibisi yataqda oğlu Arzu ilə birlikdə yatıb. Vüsal çarpayının sağ tərəfinə keçib baltanı hər iki əli ilə tutub kəsici hissəsi ilə bibisinin başına ilk zərbəni endirib. Zərbənin təsirindən qadının başı yarılıb. O, ayılıb qışqırarkən ikinci zərbəni vurub. Bibisi özünü müdafiə etməyə cəhd edərkən əlindən xəsarət alıb. Vüsal daha bir-iki zərbə vurub. Onun öldüyünə əmin olduqdan sonra ikinci mərtəbədən həyətə tullanıb. 
Sonradan qadının hadisə yerində deyil xəstəxanada öldüyünü bilib.

Şəxəliyevin sözlərinə görə o, zərbələri ürəklə öldürmək niyyəti ilə endirib. Hadisə vaxtı digər otaqlarda nənəsi və bibisi qızı olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamil İmamverdiyev ifadəsində göstərib ki, işdə olanda saat 10 radələrində kimsə zəng edərək Vüsalın arvadını baltaladığını və onun ağır vəziyyətdə xəstəxanada olduğunu deyib. Bunu eşidən kimi dərhal xəstəxanaya yollanıb. Hadisənin neçə baş verdiyi ilə maraqlananda öyrənib ki, o, işə getdikdən sonra Yeganə yataq otağında oğlu ilə birlikdə uzanıb. Vüsal gizlindən ora daxil olaraq ayıq olan oğluna səsini çıxartsa onuda öldürəcəyini deyib və yatmış vəziyyətdə olan yoldaşının başına balta ilə zərbələr vurub.

Kamil İmamverdiyev bildirib ki, Vüsal hadisədən bir gün əvvəl də arvadını döyüb, amma səbəbini soruşa bilməyib:

“Məndən ağsaqqallar xahiş etdi ki, şikayətçi olmayım. Sonra da işə getdiyim üçün maraqlana bilmədim ki, arvadımı döyməsinin səbəbi nə idi. Sonra da belə bir hadisə oldu. Vüsala mənim etdiklərimi heç əmisi, dayısı etməmişdi. Mənim yoldaşım kimi namuslu qadın heç Azərbaycanda yox idi”.

Məhkəmə prosesində Vüsal Şıxəliyev ittiham üzrə özünü tam təqsirli hesab edib. Lakin törətdiyi əməldən peşman olmadığını bildirib.

Zərərçəkmiş Kamil İmamverdiyev təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Vüsal Şıxəliyev CM-nin 120.2-4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu ( köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum olunub.

0.14066982269287