Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Elçin Hüseynovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.
Dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qayınanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qayınanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Daha sonra isə könüllü polisə gələrək təslim olub.
Saxlanılan Elçin Hüseynov ifadəsində bildirib ki, 2012-ci ilin sentyabr ayında Tamilla Hüseynova ilə rəsmi nigaha daxil olub. 2016-cı ilin sonuna kimi Buzovna qəsəbəsinə kirayədə yaşayıblar. Ayrıldıqdan sonra Maştağa qəsəbəsindəki qohumlarının evində qalıb. Bir dəfə evin kirayə pulunu ödəyə bilməyəndə qayınanası onların əvəznə 100 manat pul ödəyib və sonradan həmin pulu zəng edərək dəfələrlə Elçindən istəyib. İmkanı olmadığından pulu qaytara bilməyib.
Elçin daha sonra bildirib ki, qayınanası hər gün onların evlərinə gələrək həyat yoldaşı ilə gizlin söhbətlər edib və o, gedəndən sonra həyat yoldaşı onunla mübahisə etməyə başlayıb. Elçin hiss edib ki, Tamillanı anası öyrədir.
Bir müddət sonra arvadı Tamilla ondan boşanmaq üçün məhkəməyə ərizə təqdim edib. Hakim barışmaqdan ötrü onlara 3 ay vaxt verib.
Dekabrın 26-sı Elçin qayınanasına zəng edərək ondan üzr istəyib. Qarşıdan yeni il bayramı gəldiyini və 100 manata görə belə problem yaratmamasını xahiş edib. Fərqanəyə deyib ki, uşağını bir neçə günlük ona versin və bayramı ailəsi ilə keçirsin. Qadın telefonda ona söyüş söyərək qızını ondan boşadacağını və başqası ilə evləndirəcəyini bildirib.
Elçin Hüseynov bir neçə gün sonra qayınanasının iş yerinə gedərək məsələni üzbəüz danışaraq həll etmək istəyib. Xəstəxananın dəhlizində qayınanası onu gördükdə qışqıraraq onu təhqir etməyə başlayıb. Elçin mətbəxdə əl-üz yuyulan yerin yanından bıçağı götürərək qadının sinə və qarın nahiyyələrinə xəsarətlər yetirib. Mürsəlova əl-qol atsa da, müqavimətini qırıb növbəti zərbələri qayınanasının kürəyindən vurub. Yaralı sürünüb mətbəxdən çıxarkən Hüseynov hadisə yerindən qaçıb.
Təxmini olaraq onunla qayınanasının mübahisəsini xəstələrdən görən olsa da, heç kim müdaxilə etməyib və hər kəs öz otağına keçib.
Buzovnadan Binə qəsəbəsinə qardaşı Elnurun yanına gedib və törətdiyi cinayət barədə ona məlumat verib. Nərimanov rayonunda parkda biraz gəzdikdən sonra əməlindən peşman olduğu üçün polis idarəsinə yollanıb.
Məhkəmə prosesində Elçin Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.