Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd olunub.
Bildirilir ki, may ayında əvvəlki aya nəzərən 0,4%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 11,5% təşkil edib. Bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4,1% bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12,7%-ə enib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2,6% azalıb. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8,6%, o cümlədən enerji qiymətləri 11,3%, qeyri-enerji qiymətləri 3,6% azalıb. Tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olub. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyib. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olub. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8,4%, 2023-cü ilin 5 ayında isə 5,1% möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir.