Kredit faizləri enib - Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?

 

Sabah Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq. Proqnozlar uçot dərəcəsinin 0,25% bəndi artırılaraq 9%-dən 9,25%-ə artırılacağı yönündədir.

İqtisadçı ekspert Xalid Kərimli “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, uçot dərəcəsinin artırılması ehtimal oluna bilər, çünki inflyasiya dərəcəsi yüksək olaraq qalmaqdadır: “Uçot dərəcəsi artıq bir-neçə dəfə artırılıb və bunun əsas səbəbi inflyasiyanın yüksək olmasıdır. Çünki inflyasiya səviyyəsi hələ də Mərkəzi Bankın arzuladığı birrəqəmli həddə çatmayıb və 6% ətrafında deyil”. 

Pul kütləsinin əhəmiyyətli hissəsi nağd sektorda formalaşıb

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın pul-kredit siyasətinin təsirləri olsa da, bu, çox deyil: “Bunun əsas səbəbi manatın məzənnəsinin dollara fiksə edilməsidir. Bu da, Mərkəzi Bankın siyasət təsirlərini aşağı salır. Digər tərəfdən pul kütləsinin hələ də əhəmiyyətli hissəsinin nağd və qeyri-şəffaf sektorda formalaşıb ki, bu da Mərkəzi Bankın rıçaqlarının təsirini aşağı salır. Sterilizasiya əməliyyatları, banklararsı bazarın formalaşdırılması kimi addımlar atılır və Mərkəzi Bank çalışır ki, faiz siyasətinin təsirini artırsın”.

Kredit faizlərində azalmalar müşahidə olunur

X. Kərimli deyib ki, Mərkəzi Bank uçot dərəcəsini ardıcıl olaraq artırsa da, bu, kommersiya banklarının kredit faizlərinə ciddi təsir göstərmir: “Hətta faiz dərəcələrinin aşağı endiyini də deyə bilərik. Buna səbəb isə bankların əlində kifayət qədər likvid resursların olmasıdır. Bankların əlində bazara sata bilmədikləri 5 milyard manatdan çox likvid pul var. Buna görə də, kredit faizlərində müəyyən azalmalar müşahidə olunur. Baxmayaraq ki, faiz dərəcələrinin artırılması tərs effekt verməli idi”. 

Dünya bazarında bir ilə yaxındır ki, ərzaq məhsulları ucuzlaşır, bizdə isə bahalaşma davam edir

Mərkəzi Bankın manatı bahalaşdırmasının, real effektiv məzənnəsini artırmasının iflyasiyanı aşağı salan amil olduğunu deyən ekspert Azərbaycan bazarının idxal bazarından asılı olduğunu da vurğulayıb: “Yəni biz idxal məhsullarının qiymətindən asılıyıq və burada ciddi monopoliya mövcud olduğundan Mərkəzi Bankın tədbirləri inflyasiya ilə mübarizədə yetərli olmur. Çünki burada qiymətlər asan şəkildə aşağı salınmır. Məsələn, dünya bazarında artıq bir ilə yaxındır ki, bir sıra ərzaq məhsullarının ucuzlaşması müşahidə olunur. Bizdə isə ərzaq inflyasiyası artmaqda davam edir. Bu baxımdan Mərkəzi Bankın inflyasiyaya təsiri imkanları yetərli səviyyədə deyil. Həm Azərbaycan iqtisadiyyatının strukturu buna icazə vermir, həm də kapital bazarlarının zəif inkişaf etməsi buna şərait yaratmır”. 

Azərbaycanda inflyasiya Qafqaz ölkələrindən daha yuxarıdır

“Həmçinin bankların maliyyələşmə mənbəyi depozitlər olduğu üçün bu, kredit faizlərinə daha çox təsir göstərir. Lakin Mərkəzi Bankın qonşu dövlətlərin valyutalarına görə manatın məzənnəsini bahalaşdırma siyasətini həyata keçirməsi inflyasiyanın nisbətən aşağı olmasına imkan verib. Lakin yenə də Azərbaycanda inflyasiya Qafqaz ölkələrindən daha yuxarıdır və inflyasiya ilə mübarizə üzrə istədiyimiz nəticəni hələ də əldə edə bilmirik. Buna görə də, uçot dərəcəsi artırılsa da, bunun bazara ciddi təsirləri yoxdur”, - deyə X. Kərimli əlavə edib.

Qeyd edək ki, ötən qərarında da Mərkəzi Bank uçot dərəcəsini 0,25% bəndi artıraraq 8,75%-dən 9%-ə yüksəlmişdi.

Könül
Demokratikmusavat.com   

 

0.19247198104858