“Qeyri-yaşayış obyektlərinin istismarı ilə bağlı mübarizə sərtləşdirilməlidir” - Deputat

 

“Tikinti sahəsi Azərbaycan iqtisadiyyatının mühüm hissələrindən birini təşkil edir. Bu sahə həm də yüksək əmək tutumluluğu ilə xarakterizə olunur. Azərbaycanda tikinti-quruculuq işlərinin geniş vüsət alması nəticəsində şəhər və qəsəbələrin siması dəyişir, müasir standartlara cavab verən yaşam mərkəzləri qurulur. Tikinti həm də bir sıra digər sahələrlə üzvü sürətdə bağlı olduğuna görə burada xüsusi diqqət olunmalı məqamlar çoxdur. Bu sahə həm də birbaşa insan həyatı və iqtisadiyyatın inkişafı ilə bağlı olduğu üçün nəzarətin və şəffaflığın təmin olunması da vacib məqamlardandır”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, məhz bu baxımdan sahənin inkişafı ilə bağlı mütəmadi olaraq qanunlar təkmiləşdirilir, yeni fərmanlar imzalanır.

“Bunlara misal olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərmanı göstərə bilərik. Fərmanın icrası nəticəsində 408 yaşayış binasının istismarına icazə verilib”, - o qeyd edib.

Deputat əlavə edib ki, ölkə Prezidenti tərəfindən bu qəbildən olan növbəti fərman isə 14 iyun 2023-cü il tarxində imzalanıb: “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özündə mühüm istiqamətləri ehtiva edir. Xüsusilə vurğulamaq lazımdır ki, Fərman tikinti sahəsinin inkişafı üçün atılmış növbəti vacib addımlardan biridir. Fərmanı təhlil etdikdə bir sıra vacib məqamları vurğulaya bilərik. Əvvəla, sənəd qeyri-yaşayış təyinatlı bəzi tikintilərin sadələşdirilmiş şəkildə istismarını nəzərdə tutur. Təbii ki, burada söhbət tikinti standartlarına uyğun gələn obyektlərdən gedir. İqtisadiyatla üzvü sürətdə bağlı olan qeyri-yaşayış təyinatlı obyektlərin qeydiyyata alınması həm də iqtisadiyyatın daha da inkişafına və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Digər bir vacib istiqamət isə şəffaflığın artırılmasıdır. Ölkə Prezidenti tərəfindən təqdim olunan növbəti islahat paketində önə çıxan əsas məqamlardan biri də məhz şəffaflıqdır. Bu Fərmanda da biz bunu aydın şəkildə görürük. Fərmanda xüsusi diqqət etməli olduğumuz məqamlardan biri də dövlət qurumlarının səlahiyyətlərinin konkret göstərilməsi və sui-istifadə hallarına qarşı mübarizənin sərtləşdirilməsidir. Bu hal qeyri-qanuni tikililərin qarşısını almağa səbəb olacaqdır. Bütövlükdə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bu fərman tikinti sahəsinin sürətli inkişafı üçün atılmış növbəti vacib addımdır”.

Mürtəza
Demokratikmusavat.com

0.14163708686829