2018-ci ildə Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov Ali Məhkəməyə müraciət ediblər.
Demokratikmusavat.com xəbər verir ki, onların şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq.
İş üzrə məhkəmə baxış iclası oktyabrın 25-nə təyin olunub.
İttihama görə, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.
Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.
Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən Şahmar Əsədov 18 il, Sadıq Dadaşov 18 il, Pərviz Əsədov 17 il, Mətləb Muradov 17 il, Zabit Yolçiyev 16 il və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum ediliblər.