Anasını küçədə öldürən şəxs: “TikTok”da kişilərlə yazışırdı

 

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında anası zərərçəkmiş Ülviyyə İsmayılovanın (şərti) istifadəsində olan mobil telefona baxıb.

O, “TikTok” və digər sosial şəbəkələrdə anasının müxtəlif kişilərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb və bu barədə atasına məlumat verib. Anasının bu hərəkətlərinə görə valideynləri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşayıb. 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə və qonşuluqda yaşayan həmyaşıdları ona mütəmadi irad bildiriblər. Buna görə İdeal anasının əxlaqsızlığı namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib, qisas almaq niyyəti ilə qadını qəsdən öldürmək qərarına gəlib.

İdeal Məmmədzadə 19 aprel 2022-ci il tarixdə, saat 20:05 radələrində özünə məxsus mobil telefondan anasının telefonuna mesaj yazaraq növbəti gün, yəni 20 aprel 2022-ci il tarixdə, saat 12 radələrində onu “Kapital Bank”ın yaxınlığına görüşə çağırıb. O, hadisə günü babasının yaşadığı mənzilin mətbəxindən bıçaq götürərək məktəbli çantasına qoyub anası ilə görüşə gedib. Həmin gün saat 12 radələrində Ülviyyə İsmayılova ona yaxınlaşan zaman İdeal mətbəx bıçağını çantasından çıxarıb, anasının qarın nahiyəsinə qəsdən zərbələr endirib. O, zərərçəkmişə ümumilikdə 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar və yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qadını qəsdən öldürüb.

İdeal Məmmədzadə məhkəmə iclasında ifadəsində özünü Cinayət Məcəlləsinin 120.1-cü (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilməyib.

O deyib ki, anasını atasına xəyanət etdiyinə görə bıçaqlayıb. Anasının xəyanət etməyini isə onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxıb evə gec qayıtdığından, evə gəldikdə isə yataq otağına girib saatlarla kiminləsə telefonla danışmasından, nəhayət, məqam tapıb anasının telefonundakı məlumatlara baxarkən qadının kənar kişilərlə intim yazışmalarını aşkar etməsindən bilib. Artıq o qənaətə gəlib ki, anası atasına xəyanət edir. Atası işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün o, bacısı və anası evdə tək qalıblar. Anasının evə gec gəlməsi, başqa şəxslərlə telefon əlaqəsi saxlaması məhz həmin müddətlərə təsadüf edib. Şübhələri barədə babasının evində olan zaman, 2019-cu ilin dekabr ayında bibisinə deyib. Bibisi də atasına xəbər verməyini məsləhət bilib. Bundan sonra İdeal atasına olanları söyləyib. Atası da dərhal evlərində olan qayınanasına zəng edərək Ülviyyə ilə birlikdə evi tərk etmələrini bildirib. Həmin vaxtdan atası və anası boşanıb, İdeal isə bacısı ilə atası evində, bəzən isə babası evində qalıblar. Anasının başqa kişilərlə “Instagram”da olan yazışmaları sinif yoldaşları və məhəllədəki həmyaşıdlarının əlinə keçib. Onlar İdealı bu səbəbdən təhqir ediblər. Buna dözməyərək atasının vasitəsilə oxuduğu məktəbi dəyişib, lakin küçəyə utandığından çıxa bilməyib. Elə o zaman fikirləşib ki, ailəsinə düşən ləkəni yumalıdır.
Onun sözlərinə görə, boşandıqdan sonra artıq anası ilə danışmamış, ümumiyyətlə, onunla əlaqələrinin tamamilə kəsib. 19 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Əhmədli qəsəbəsində getdiyi dərs məşğələsindən çıxıb babasının Nizami rayonu ərazisində yerləşən evlərinə yollanıb. Belə ki, həmin gün onun qeyd etdiyi ünvanda ingilis dili və riyaziyyat fənlərindən fərdi məşğələ dərsləri olub. Babasıgilə gəldikdən sonra anasına mesaj yazaraq görüşmək istədiyini, qadına deyəcək sözlərinin olmasını bildirib. Anası onunla görüşməyə razı olduğunu deyib. Ülviyyə isə İdeala 20 aprel 2022-ci il tarixdə, saat 12-də babasıgilin evinə yaxın olan “Kapital Bank”ın qarşısında görüşmək istədiyini yazıb.

İdeal 19 aprel 2022-ci il tarixdə gecə babasıgildə qalıb səhər mətbəxdən bıçaq götürüb çantasına qoyub. Növbəti gün saat təxminən 11:15-də o, babasıgilin yaşadığı evdən çıxıb piyada görüş yerinə gəlib, zərərçəkmiş şəxsin piyada “Neftçilər” dairəsi adlanan yerdən “Kapital Bank”a tərəf gəldiyini görüb. Təqsirləndirilən şəxs ona yaxınlaşıb, əlində olan bel çantasını yerə qoyub və əvvəlcədən içərisinə qoyduğu bıçağı çıxarıb. İdeal bundan sonra nə olduğunu isə xatırlamadığını söyləyib.

Çantasını və bıçağı yerə ataraq oradan təslim olmaq üçün 24-cü Polis Bölməsinə gedib, lakin bölmənin yerinin dəyişdirildiyini görüb babasıgilə qayıdıb. Orada nənəsinə bildirib ki, anasını bıçaqla vurub, gedib ona kömək etsinlər. Nənəsi də həmin vaxt babasına bu barədə deyib. Həmin vaxt evdə babası və nənəsindən başqa bibisi qızı da olub. Evdə olanlar onun anasını bıçaqladığını biliblər. Buna görə atasına zəng edib məlumat veriblər. Təxminən 15 dəqiqədən sonra atası da evə gəlib. O, anasını bıçaqla vurduğunu atasına da söyləyib. Atası onu polis idarəsinə aparmaq istəyib. Həmin vaxt da polis əməkdaşları babasıgilin yaşadığı ünvana gələrək onu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar.

İdeal Məmmədzadə qeyd edib ki, onun anasını bıçaqla vurmaqda məqsədi məhəllədə olan və onu tanıyan uşaqların qınağından qurtulmaq olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdeal Məmmədzadənin şikayətini təmin etməyib.

0.089184999465942