"Namaz qılamağa keçirdim, gördüm ki...": Anasına görə atasını öldürdü - Bakıda qətl (FOTO)

 

Bakıda atasını qətlə yetirməkdə təqsirli bilinən Laçın Novruzovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Laçın Novruzov atasına çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən Laçın Novruzov saxlanılıb.

İş üzrə dindirilmiş Laçın Novruzov ifadəsində göstərib ki, onlar məcburi köçkündürlər. Ağsu rayonunda anadan olub və Laçın rayonunda qeydiyyatdadır. Əvvəllər məhkum olunmayıb. Atası rəsmi heç yerdə işləməyib və fərdi təsərrüfatla məşğul olub. O, Asəf Zeynallı adına texnikumda 3-cü kursda xanəndəlik ixtisası üzrə təhsil alıb. 

Atası mütəmadi spirtli içkilər qəbul edib, evdə dava salaraq əsas olmadan anasını döyüb. Hətta 1991-ci ildə atası anasını bıçaqlayıb. Lakin anası bu barədə polisə məlumat verməyib. 

Hadisədən 1 ay əvvəl atası növbəti dəfə anasını döydükdə Laçın onun hərəkətlərinə etirazını bildirib və atası ilə əlbəyaxa olub. 

Yanvarın 4-ü saat 22:00 radələrində qonaq otağında 10-15 dəqiqə televizora baxandan sonra namaz qılmaq üçün otağına keçib. Həmin vaxt atası mətbəxdə araq içib. Bir saatdan sonra onun sakitcə öz otağına getməsinə sevinib yatmaq istəyib. Amma bir neçə dəqiqədən sonra mətbəxə qayıdan atası anasını söyüb, təhqir edib və yumruqla sinəsindən vurub. Dərhal araya girən Laçın evdə istifadə etdikləri bıçağı götürüb. Atası fiziki cəhəddən ondan güclü olub. Mehman Məmmədov üzərinə gələrkən atasına ardıcıl zərbələr endirib. Anası onları aralamaq istəsə də, yoldaşı onu əli ilə itələyib. 

"Atamın qolundan tutdum ki, lazım deyil də anamı döymə. İkimiz də əlimizi atdıq stolun üstündəki bıçağa. Mən götürməsəydim bəlkə də o, götürüb vurardı məni. Vurmaq niyyətim yox idi. Necə oldusa, heç nə yadımda deyil. Belə olmağını istəməzdim. Heç necə olduğunu da bilmədim". 

Məhkəmə prosesində Laçın Novruzov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Məryəm Novruzova bildirib ki, Laçın Mehmanı vurmasaydı, çox güman ki, əri onu öldürə bilərdi. Qadın oğluna qarşı heç bir şikayəti və tələbi olmadığını qeyd edib. 

Məhkəmə Novruzovun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini nəzərə alaraq təqsirləndirildiyi CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzaya məhkum edilməsini qanuna uyğun hesab edib. 

Sonda məhkəmənin hökmü ilə Laçın Novruzov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

0.14586400985718