Azərbaycanda çörək ucuzlaşacaqmı?

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal taxıl istehsalı ilə bağlı son proqnozları müsbət yöndədir. Belə ki, aprel ayında əksər ölkələrdə yüksək miqdarda yağıntıların olmasının məhsuldarlığı artıracağı düşünülür. 

FAO 2022-2023-cü illər mövsümü üçün qlobal taxıl istehsalı üzrə proqnozunu ötən ayın proqnozu ilə müqayisədə 7,7 milyon ton artırıb və 2,785 milyard ton həddində müəyyən edib. 

Bütün bunlar isə qlobal bazarda ərzaqlıq buğdanın ucuzlaşmasına gətirib çıxarır.

İqtisadçı ekspert Xalid Kərimli “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, taxıl qiymətlərinin aşağı enməsi prosesi ötən ilin iyul ayından başlayıb: “2022-ci ilin aprel ayından isə taxıl qiymətlərində stabilləşmə müşahidə olunurdu. Türkiyə taxıl dəhlizini açdıqdan sonra Rusiyada ixracatın artması və taxıl koridorunun Ukrayna üzərindən işləməsi qiymətlərin sürətlə ucuzlaşmasına yol açdı və qiymətlər ən yüksək həddindən 20% aşağı endi”. 

Eskpertin sözlərinə görə, taxıl qiymətləri pandemiyadan əvvəlki qiymətlərdən yüksək olaraq qalır: 

“Azərbaycanda da yanvar ayından etibarən unun qiymətləri bir qədər enib, çörək qiymətlərində də bir neçə qəpiklik ucuzlaşma müşahidə olunur. Hazırda isə qlobal olaraq məhsuldarlığın artması, Ukraynada taxıl dəhlizinin fəaliyyətini davam etdirməsi taxıl qiymətlərini endirə bilər”. 

Ucuzlaşmanın çörək qiymətlərinə təsirini şərh edən X. Kərimli bu halların Azərbaycan bazarına 6-9 ay ərzində təsir etdiyini bildirib.

 “Taxıl dəhlizinin dayanması, Ukraynanın məhsullarını bazara çıxara bilməməsi müharibədən asılıdır. Belə olan halda qiymətlərdə bahalaşma da müşahidə oluna bilər. Ümumilikdə, isə taxıl qiymətlərində stabilləşmə var və hər ay 1-2% ucuzlaşma qeydə alınır”, - deyə ekspert əlavə edib.

Könül
Demokratikmusavat.com

 

0.17772102355957