Bakıda arvadını öldürməkdə ittiham olunan İlham Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İstintaqın gedişində təqsirləndirilən İlham Həşimovun ittihamı ağırlaşdırılıb. Ona yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham verilib.