Məhkəmə qəbul etdiyi qərarını icra etməkdən imtina edirsə, hansı hüquqdan danışmaq olar?
Şərafət Məmmədovanın 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qərəzinin ilginc nədəni
Bakı İnzibati Məhkəməsinin sədri 1-ci dərəcəli tələbkar Qarabağ qazisini “görmək” istəmir
Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qərəzinin kökündə 7 il qabaq qəbul etdiyi 20.06.2016 -cı il tarixli, 2-1 (81)-1095/16 saylı qərarının icrasını təmin etməkdən, icraya belə yönəltməkdən imtinasından şikayətlər dayanır. Təsəvvür edin, məhkəmə dövlətin adından borclu inzibati orqanın –ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin ) üzərinə 1-ci dərəcəli Qarabağ əlili ailəsinin mənzillə təmin olunması öhdəliyini qoyub, di gəl, öhdəliyin icrasına xidməti vəzifəsinə uyğun olaraq nəzarət etməklə nəinki icranı təmin edib, əksinə, tələbkar Qarabağ qazisinin verdiyi ərizələrə belə 7 ildə baxmayıb. Elə bu “baxımsızlığın” sürməsindəndir ki, borclu Sosial Xidmətlər Agentliyi dövlətin adından çıxarılan məhkəmə qərarını cibindən aşağıda tutur, iki əlil elmi işçisi olan on nəfərlik qazi ailəsinin heç vaxt mənzillə təmin edilməyəcəyini bildirməkdən utanmır. Sual doğur : DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASI TƏMİN EDİLMƏYƏCƏKSƏ , qəbul edilməsinin nə anlamı var? Özbaşınalığa baxın, məhkəmə özünün qəbul etdiyi qərarını icra etməkdən sərgiləyici şəkildə imtina edir. (?)
Dövlətin adından çıxarılan məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olduğunu Azərbaycan Respublikasının Konstitusiyası doğrulasa da, kimdir Konstitusiyaya baxan? Baxan olsaydı, qərarı çıxarıb, icrasını təmin etməkdən imtina edən hakim Şərafət Məmmədova yuxarı instansiyaya təyinat ala bilməzdi. Heç yuxarı instansiyadan Bakı İnzibati Məhkəməsinə “endirilən” hakim Aygün Abdullayeva da tələbkarın ərizələrinə son dörd ildə bircə dəfə də olsa baxmaqdan imtina edə bilməzdi. Heç Ədliyyə Nazirliyinin icra baş idarəsinin sıradan bir məsləhətçisi, Anar Qurbanov olsun, ya Mirnağı Seyidov, Tural Məlikov olsun, dövlətin birinci şəxslərindən verilən göstərişlərə “topdan” illərdir “yox” deyə bilməzdi. Heç Bakı İnzibati Məhkəməsinin özü də poçtla göndərilən ərizələr bir yana, hətta “e-məhkəmə” sistemindən göndərilən ərizəni qəbul etməkdən imtina edə bilməzdi. Heç baş prokuror və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsi də son beş ildə yüzlərlə şikayəti 161 qaynar xətti ilə qəbul edib, iki il qabaq 09.09.2021-ci ildə aldığı izahat əsasında qəbul et(mə)diyi qərarını , adı (Rəşad Məmmədov- korrupsiya baş idarəsi “daş atıb, başını tutur” ki, bu adda əməkdaşı yoxdur) kimi gizlədə bilməzdi. “Heç”ləri Ombudsmandan, Konstitusiya Məhkəməsindən, Prezident Administrasiyasından Məhkəmə Hüquq Şurasına , Ali Məhkəməyə kimi uzatmaq olar.
Ədalət adına vurğulayaq ki, bircə Milli Məclis dövlətin adından çıxarılan məhkəmə qərarının icrası üçün konkret addımlar atır. Qanunverici hakimiyyətin , hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbərliyi Bakı İnzibati Məhkəməsinə illərdir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin etməyi tapşırır, di gəl, tapşırığa baxılmır. Elə 3 ay qabaq parlamentin rəhbərliyi Bakı İnzibati Məhkəməsinin sədrinə tələbkar 1-ci dərəcəli Qarabağ qazisini qəbul etməyi deyib və sədr də məsləhətçisinə tapşırıb. Görünür, 1-ci dərəcəli Qarabağ qazisini “görmək” çox təhlükəlidir. Hələ də məhkəmə qərarının icrasında irəliləyiş yoxdur, Bakı İnzibati Məhkəməsi nə İPM-in 79-cu, nə də 116-120 -ci maddələrini tətbiq edir. Ali Məhkəmə Plenumunun 19.11.2021-ci il tarixli “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” qərarından isə heç danışmağa dəyməz. Konstitusiyanı , Mülki və İnzibati Prosessual Məcəlləni görməzliyə vuran Bakı İnzibati Məhkəməsinin Ali Məhkəmənin Plenumunun Qərarını “görməsi” mümkündürmü?
…Şərafət Məmmədovanın tələbkar Qarabağ qazisinə qərəzi Bakı Apellyasiya Məhkəməsində şikayətinin apellyasiya baxışından şikayətvermə müddəti bitməmiş çıxarılmasında, dövlət hesabına vəkil ayrılmasından imtinada, bir sözlə məhkəmə təminatı hüququna qadağada sürməkdədir. .. Bu gedişi dayandıran olacaqmı?
Məğrur Bədəlsoy
P. S. Apellyasiya qadağası heyəti -Pərviz Hüseynov (sədrlik edən) , Şərafət Məmmədova və Cahangir Yusifov digər cavabdeh DİN-ə qarşı apellyasiya şikayətinə baxış iclasını 17.05.2023-cü ilə təyin edib. Qarabağ qazisi bu heyətin qərəzini Konstitusiyadan üstün tutması nədəni ilə məhkəmə tərkibinə etirazını artıq “e – məhkəmə” sisteminin araçılığı ilə təqdim edib. Məhkəmə tərkibinə etiraza isə məhkəmə sədri baxmalıdır. Sədrə verilsə. ..