"2 ilə yaxın idi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu istintaq işi davam edirdi. İlkin Süleymanova qarşı heç bir sübut-dəlil olmadığına görə biz hesab edirdik ki, yekunda onunla bağlı bəraət hökmü çıxarılmalıdır. Buna ümidli idik".
Bunu Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev prokurorun Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəməsindən danışarkən deyib.
Vəkil deyib ki, prokurorun çıxışı onların bütün gözləntilərini kölgədə qoyub:
"Son 4 ayda biz məhkəmənin gedişatından narazı idik və bunu zaman-zaman mətbuatda deyirdik. İş materiallarında müəyyən sənədlər var idi ki, onlar elan olunmalı, iş üzrə əlavə şahidlərin məhkəməyə gətirilməsi təmin edilməli idi. Bunların heç bir təmin olunmadı. Məhkəmə iş üzrə həqiqətin müəyyən edilməsini təmin olunacaq vəsatətlərin bir çoxları təmin olunmadı, təmin olunanların da əksəriyyəti icra edilmədi. Məhkəmə qərar vermişdi ki, bəzi məsələlər araşdıracaq. Sonradan məhkəmə həmin məsələni dandı ki, bunu müzakirə etməmişik, belə bir qərar verməmişik və s. Halbuki açıq məhkəmə prosesləri keçirilir, orada kifayət qədər jurnalistlər iştirak edir. Məhkəmə hətta öz qərarını icra etməkdən imtina etməyə başladı. Bizdə belə bir fikir formalaşmağa başladı ki, məhkəmə bu iş üzrə ədalətli hökm çıxartmaq niyyətində deyil. Əgər, məhkəmə bu işə ədalətli qərar vermək fikirindədirsə, bizim qaldırdığmız məsələlər araşdırılmalı idi”.
Əlibaba Rzayev prokurorun İlkin Süleymanova 20 il iş istəməsinin gözlənilən olduğunu vurğulayıb:
"Prokurorun əlində İlkin Süleymanova qarşı istifadə edə biləcək bir sübut qalmadı. Əslində, biz güman elədik ki, prokurorluq belə vəziyyətdə ittihamdan imtina etməli idi. Amma prokuror nəinki imtina etdi, əksinə, 20 il müddətinə azadlıqdan məhrum etməsini məhkəmədən istədi".
Vəkil bildirib ki, İlkin Süleymanova 20 il iş istənilməsindən sonra onunla münasibət qura, reaksiyasını öyrənə bilməyib:
"Yəqin ki, narazı qalıb. Məhkəmə yekunlaşan kimi onu zaldan aparıblar".
Qeyd edək ki, prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.