Prezident İlham Əliyevin yeni sərəncamı Naxçıvan Muxtar Respublikasında İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 265 nəfərə şamil olunacaq.
Bu barədə “Report”un yerli bürosuna muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Naxçıvan üzrə həmin müharibənin iştirakçısı olmuş dörd nəfərin hər birinə 1 500 manat veriləcək. Bununla yanaşı, sözügedən sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 261 nəfərin hər birinə isə 750 manat birdəfəlik maddi yardım veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da 1941-45-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ödənişlər İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət ümumilikdə 3 729 şəxsə şamil olunacaq.