Vahid Ələkbərovun bankında 300 milyon yığılmış zərər

 

“Yelo Bank” ASC 2023-cü ilin birinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Demokratikmusavat.com ”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 830,362 mln manat təşkil edib. Bu isə ötən ilin yekunu ilə müqayisədə 1,1% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi rüb ərzində 2,9% artaraq 639,758 mln manat təşkil edib.

HÜQUQİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ AZALIB

Ötən ilin son rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli 0,8% artaraq 576,840 mln manata çatıb. Fiziki şəxslərin bankda yerləşdirilmiş depozitləri 2,2% artaraq 445,651 mln manata çatsa da, hüquqi şəxslərin depozitləri 3,8% azalaraq 131,189 mln manata enib. Bankın cəmi öhdəlikləri isə cari ilin martın 31-ə 749,597 mln manat təşkil edib.  

Nizamnamə kapitalı 378 mln manat təşkil edən “Yelo Bank”ın yığılmış zərəri ötən ilin yekunu ilə müqayisədə 1,3% azalaraq 304,890 mln manata enib. nəticədə bankın cəmi kapitalı 5,9% artaraq 80,765 mln manat təşkil edib.

MƏQSƏDLİ EHTİYATLARINI AZALDIB

Cari ilin ilk rübünün yekununda bankın xalis faiz gəlirləri 15,769 mln manat, xalis qeyri-faiz xərcləri isə 14,3932 mln manat təşkil edib və bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 2,747 mln manat manat azalıb. Bununla da “Yelo Bank” cari ilin ilk rübünü 4,124 mln manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (96,02%), Marina Kulişova (3,89%) və “ISR Holding” MMC-dir (0,09%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir.

Könül
Demokratikmusavat.com

0.24920105934143