Bakıda baldızını öldürüb, arvadını yaralamaqda təqsirli bilinən Samiq Quliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Binəqədi şosesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Ruhəngiz Quliyeva həyat yoldaşı, İmişli rayon sakini Samiq Quliyev tərəfindən bıçaqlanıb.
Hadisə zamanı Ruhəngiz Quliyeva 14 bıçaq xəsarəti alıb. Daha sonra Samiq Quliyev baldızı, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub.
Hadisəni törədən Samiq Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılıb.
Roza Mahmudova çoxlu qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ruhəngiz Quliyevanın həyatını xilas etmək mümkün olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Samiq Quliyev saxlanılıb.
Demokratikmusavat.com -ın əldə etdiyi məlumata görə,iş üzrə dindirilmiş Samiq Quliyev ifadəsində göstərib ki, 2009-cu ildə Ruhəngiz Quliyeva ilə ailə həyatı qurub və nikahdan 3 uşaqları olub. Evləndikdən sonra bir müddət İmişli şəhərində yaşayıblar. Sonra Bakıya gələrək müxtəlif ünvanlarda kirayədə qalıblar. Axırıncı yaşayış yerləri Binəqədi şösesində baldızı Rozanın evinin yaxınlığından yerləşən ev olub.
Qayınanası Sevil Kürdəmirə qayıtdıqdan sonra yoldaşı ona bacısı Rozanın yanına köçəcəyini və orada yaşayacağını deyib. O buna razı olmasa da, arvadı öz bildiyini edib.
Hadisədən təxminən 15 gün əvvəl baldızının evinə gedib. Orada Rozanın qızı ona xalası Ruhəngizin ötən gün Mübariz adlı şəxsi evə çağırdığını deyib. Ruhəngiz əvvəlcə heç nəyi boynuna almayıb. Amma sonra guya Mübarizin xalasına pul borcu olduğunu və həmin pulu qaytarmaq üçün onu evə çağırdığını söyləyib. Samiq yoldaşının ona xəyanət etməsindən şübhələnib. Ruhəngizə bundan sonra birlikdə yaşamağın qeyri-mümkün olduğunu və boşanmaq üçün ərizə verməsini deyərək evdən çıxıb.
Avqustun axırında yeznəsi ona Kürdəmir Rayon Məhkəməsindən göndərilən məktubu gətirib. Məktuba baxdıqda Ruhəngizin boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyini bilib. Bir-iki gündən sonra o, təsadüfən avtobusda arvadını görüb. Birlikdə onun işlədiyi şirniyyat evinə gediblər. Orada işləyən Samir Abbasov yaxınlaşaraq onunla işi olduğunu deyib. Samir ona Ruhəngizin hər gün ağlayaraq şikayət etdiyini söyləyib. Samiq də ona yoldaşının özününün boşanmaq üçün ərizə verdiyini söyləyib.
Samiq Quliyev ifadəsinin davamında bildirib ki, sentyabrın 2-də paltarlarını götürmək üçün baldızının evinə gedərək hasardan aşıb içəri daxil olub. Evdə olanda çöldən Roza ilə Ruhəngizin səsini eşidib. Mətbəxdə pərdə ilə örtülmüş şkafa girərək gizlənib. Bacılar evə daxil olandan sonra mətbəxin işığını yandırıblar. Hər ikisi yataq otağına keçib. Şkafdan çıxıb otağa girəndə Roza güldanı götürüb onun başına çırpıb. Samiq bıçaqla onları vurmağa başlayıb. Otaqda əlinə keçən çəkiclə kimi vurduğunu xatırlamır. Evdən çıxıb bir müddət qonşunun həyətində gizlənib. Sonra oradan qaçaraq qardaşı Namiqin evinə gəlib.
Samiq Quliyev bacıların bir-biri ilə söhbət edərkən kənar şəxslərlə görüşməyə hazılaşdığı üçün əsəblərini cilovlaya bilmədiyi, ona görə də gizləndiyi yerdən çıxıb həmin söhbətə aydınlıq gətirmək istədiyini qeyd edib.
Zərərçəkmiş şəxs Ruhəngiz Quliyeva ifadəsində göstərib ki, ümumiyyətlə, əri Samiqlə yaşadıqları müddətdə onların arasında həmişə mübahisələr olub. Buna ailəsinə qarşı laqeyd olması və qazandığı pulları yalnız özü üçün xərcləməsi səbəb olub.
2019-cu ilin iyul ayından Binəqədi qəsəbəsidə yerləşən şirniyyat evində satıcı kimi işləməyə başlayıb. Samiq hər gün onu işə ötürüb axşamlar da özü arxasınca gəlib evə aparıb.
Avqust ayında növbəti mübahisə zamanı Samiq onu döyərək bıçaqla əlinə xəsarət yetirib. Ərinin ailəsinə baxmamasından bezərək boşanmaq üçün Kürdəmir Rayon Məhkəməsinə ərizə verib. Axırıncı dəfə kirayə tutduqları evin pulunu vermədikləri üçün ev sahibi onlardan çıxmalarını tələb edib. O da əşyalarını yığaraq uşaqları ilə birlikdə bacısının evinə köçüb.
Avqustun 23-ü səhər saatlarında evdə yatarkən boğazına nəsə toxunduğuna görə oyanıb. Samiqin əlindəki bıçağı onun boğazına dirəyib üstünə çıxdığını görüb. Niyə belə etməsinin səbəbini soruşduqda yoldaşı ona "mən sənə demişdim ki, boşanma, başqa ev tuturam gedək orada qalaq" deyib. Bu vaxt bacısı qızı otağa girib Samiqə mane olmağa çalışıb amma gücü çatmayıb. Bacısı qızı kiməsə zəng etmək üçün telefonu götürdükdə əri telefonu əlindən alaraq "kiməsə desən, hamınızı öldürərəm" qışqırıb. Daha sonra isə evdən çıxıb gedib.
Sentyabrın 2-si axşam saat 20:00 radələrində işdən evə qayıdıb. Qaz sobasının alt tərəfindən çıxan Samiqin sağ əlində çəkic, sol əlində isə bıçaqla onların üstünə gəldiyini görüb. Qaçmağa macal tapmayıblar. Əri ayağını onun sinəsinin üstünə qoyaraq cəld çəkiclə Rozanın başına zərbə endirib. Ardınca onun qarnına bıçaqla vuraraq niyə məhkəməyə ərizə verdiyini soruşub. Daha sonra bıçağı onu bədənindən çıxarıb bacısını vurub. Roza Samiqə onları öldürməməsi üçün yalvarıb. Ruhəngiz əlbəyaxa olsa da, Samiq ona dayanmadan xəsarətlər yetirib. Güldanı götürüb yoldaşının başına iki dəfə zərbə endirib. Bunun təsirindən əri müvazimətini itirib yerə yıxılıb, amma sonra ayağa qalxıb onlara zərbələr vurub və qapıya tərəf qaçıb. Qorxduğu üçün tez evin qapısını bağlayıb. 2-3 dəqiqə keçəndən sonra küçəyə çıxıb. Qonşunu görüb ona Samiqin onu və bacısını bıçaqladığını deyib. Bundan sonra nə baş verdiyini xatırlamır. Özünə gələndə artıq xəstəxanada olub.
Zərərçəkmiş onu da əlavə edib ki, ərinin söylədikləri tamamilə yalandı.
Məhkəmə prosesində Samiq Quliyev ittihamlar üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş Ruhəngiz Quliyeva hadisədən sonra uzun müddət xəstəxanada müalicə aldığını hələ də tam sağalmadığını qeyd edərək təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Samiq Quliyev 19 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq