“Abituriyent qandan qorxursa, 700 bal toplasa da, ondan həkim olmaz”

 

Xəbər verdiyimiz kimi, ötən gecə Xırdalan şəhərində 15 yaşlı oğlan buraxılış imtahanından gözlədiyindən az bal topladığı üçün "in tihar" edib.

Təəssüf ki, bu hadisə nə ilk, nə də sondur.

Hər il buraxılış və qəbul imtahanlarından sonra bu cür hadisələrin şahidi oluruq. İmtahanların zəif nəticəsini “həyatın sonu” olduğunu düşünən yeniyetmələin bəziləri bu üsula əl atır. Bu mövzu dəfələrlə danışılsa da, belə halların təkrarlanması mövzunun aktuallğını qoruyur.

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan psixoloq Rövşən Nəcəfov imtahan stresinin əslində əhəmiyyətsiz olduğunu deyib. O bildirib ki, yeniyetmələrin bu həddə çatmasının əsas səbəbi “cəmiyyətdə formalaşan “xalqın uşağı”, “camaatın uşağı” stereotipidir:

“Yeniyetmələrin qəbul imtahanı zamanı keçirdiyi həyəcan daha sonra onlarda mənəvi böhran yaradır. Bu zaman isə onlarda suisidal, yəni intihara meyilli fikirlər formalaşmağa başlayır. Belə vaxtlarda onlara valideynləri və cəmiyyət tərəfindən yüklənmə olanda o bu cür fikirlərini reallaşdırmış olur. Yəni biz gənclərimizin üzərinə böyük məsuliyyətlər qoymamalıyıq. Ümumiyyətlə, həyəcan məsuliyyət göstəricisidir. Sadəcə olaraq biz o həyəcanı patoloji hala  gətirməməliyik. Onu təhdid etməməliyik ki, sən qəbul olmasan belə olacaq. Həqiqətənmi hər hansı bir ali məktəb bizim övladımızdan daha artıqdır? Belə bir şey yoxdur. Hadisə baş verəndən sonra onun nə qədər gec və mənasız olduğunu görəcəyik.
İstənilən abiuturiyent tələbə olduqdan sonra abituriyent vaxtı keçirdiyi həyəcana gülür, nə qədər mənasız olduğunu görür, qəbuldan sonrakı sevincinin adi hal olduğunu dərk edir. Başa düşür ki, bu qədər həyəcana dəyməzmiş. Yəni bizim valideynlər və cəmiyyət bu istiqamətdə düşünməlidir və bir-birini qınamamalıdır.  

Digər bir məsələ isə odur ki, bu mövzuda cəmiyyətdə “xalqın uşağı” streotipi formalaşıb. Hər kəs “xalqın uşağı” düşüncəsi ilə böyüyür, amma onun kim olduğunu biz bilmirik. Təəssüf ki, dövlət və özəl qurumlar da bu stereotipi təbliğ edir”. 

Psixoloq söyləyib ki, təhsil dövründə əldə etdiyimiz məlumatlar həyatımızın heç bir dövründə əhəmiyyət kəsb etmir:

“Yüksək göstərici ola bilər, amma bu, bilik göstəricisi deyil. Bu gün böyüklər anlamalıdır ki, orta məktəbdən qazanılmış biliklər informasiyadır, yəni bünövrədir. Sadəcə beyin əzələsinin inkişaf etməsi üçündür, bilik bünövrəsi belə deyil. Yəni heç kim bizi küçədə saxlayıb orta məktəbdə oxuduğumuz fənlərdən sual verməyəcək və yaxud yaşadığımız hıəyatda o informasiyaların heç bir əhəmiyyəti olmayacaq. 

Yaşamaq özü də insanın ilk və müqəddəs peşəsidir. Biz nə olursa olsun, gələcək nəsildən yaşamağı ala bilmərik. Biz onlara yaşamağı, həyatı öyrətməliyik. Onsuz da onlar böyüyəndə orta və ya ali məktəbdəki imtahanların imtahan olmadığını görəcəklər. Çünki həyat özü bir imtahandır və biz həyatda verdiyimiz imtahanlarda daha çox zərbə almış olacağıq. Test imtahanında 4 səhv 1 düzü aparırsa, həyatda bir səhv insanın bütün düzlərini apara bilir. Ona görə də övladlarımıza mübarizə aparmağı öyrətməliyik”.  

R.Nəcəfov abituriyentlərə ixtisas seçimi ilə bağlı edilən təzyiqlərin də yanlış olduğunu söyləyib:
“Onlar sevdiyi ixtisasa qəbul olmalı, sevdiyi istiqamətlərə getməlidirlər ki, gələcəkdə də sevdiyi işləri bacarsınlar. Təbliğat bunun üzərində aparılmalıdır. “Sən yüksək bal toplamısan, balına uyğun ixtisasa qəbul olunmalısan” demək doğru deyil. Peşə xarakterə bağlıdır. Çox təəssüf ki, məktəblərimizdə də psixoloqlarımız bu istiqamətdə fəaliyyət göstərmir, valideynlər də, müəllimlər də bu barədə məlumatlı deyillər. Yəni bu üçbucaq qurulmur.

Şagirdlər üzərində psixodiaqnostika apararaq düzgün və onlara uyğun ixtisasa istiqamətləndirmək olar. Əgər bir şagird qandan qorxursa, 700 bal belə toplasa, ondan həkim olmaz. 

Biz bizdən sonrakı nəsli gələcəyə hazırlamalıyıq, öz dövrümüzə yox. Onlar gələcəyin şəxsiyyətləri, peşəkarlarıdır. Ona görə də onların seçimlərinə hörmətlə yanaşmalı, səhv edərkən yanında olmaq lazımdır. Həyat qəbul olunması asan, hər anı imtahan və heç vaxt məzun ola bilməyəcəyimiz ali dəyərdir, məktəbdir. Övladlarımızı sevməliyik. Onlar arasında qınaq yox, sağlam rəqabət olmalıdır. Qınaq fiziki və mənəvi düşmənçilik yardır. Biz övladlarımıza sevməyi, sevgi ilə yaşamağı öyrətməliyik”,-deyə o əlavə edib. 

Billurə Yunus

 

0.17317986488342