Hamilə arvadına 19 bıçaq vurdu - Cinayətin təfərrüatı - FOTO

 

Bakıda arvadını bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilinən Xəyal Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən bıçaqlanıb. Qadının üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub.

Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qayınatası Mirverdi Məmmədovun evində cinayət törədən 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.

İş üzrə dindirilmiş Xəyal Məmmədov bildirib ki, avqustun 9-da səhər yaşadıqları evdə arvadı Günayla aralarında mübahisə yaranıb. Bundan 2 saat sonra həyat yoldaşı övladları ilə birlikdə yaxınlıqda yerləşən atasını evinə gedib. 

Ayın 11-si saat 12:30-da qayınatasının evinə yollanıb. Həyətə daxil olanda uşaqların oynadığını görüb. Övladları ilə görüşüb içəri girib. Dəhlizdə Günayı görüb ondan evlərinə qayıtmasını tələb edib. Arvadı qayıtmaq istəmədiyini bildirib onunla söhbət edə-edə dəhlizdən yataq otağına keçib. Növbəti mübahisə zamanı əsəbləşib cibindən bıçağı çıxarıb Günayın bədəninə çoxsaylı xəsarətlər yetirib. Zərbələri sayı dəqiq yadında qalmayıb. Yoldaşı otaqda döşəmənin üzərinə yıxılıb taqətsiz vəziyyətdə qalıb. Əlində bıçaqla həyətə çıxaraq aləti orada tullayıb. 

Xəyal Məmmədov əlavə edib ki, evə gələndən sonra əynindəki paltarları həyətdə yandırıb. Tək olduğu üçün onu heç kim görməyib. 

Səhərsi günü polis bölməsinə gedib və ifadəsində bildirib ki, yoldaşının hamilə olduğunu bildiyi üçün onu öldürmək istəməyib. 

Məhkəmə prosesində Xəyal Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.

Sonda məhkəmənin hökmü ilə Xəyal Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Natiq

0.14883303642273