Bakıda dostunu və anasını qətlə yetirməkdə təqsirli bilinən Elşən Muradovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Çöllük küçəsi - 38 “b“ ünvanında baş verib. Adıçəkilən ünvanda yaşayan 1969-cu il təvəllüdlü Nərminə Quliyeva və onun oğlu - 1992-ci il təvəllüdlü Elnur Quluzadəni xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Elşən Muradov saxlanılaraq məsuliyyətə cəlb edilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, Elşən Muradov qətlə yetirilən Elnur Quluzadənin dostu olub. Dostunu və onun anasını xüsusi amansızlıqla öldürən E.Muradov daha sonra özünə bıçaq xəsarəti yetirərək xəstəxanaya yerləşdirilib. Məsuliyyətə cəlb edilən E.Muradov ilkin dindirmə zamanı dostunu və onun anasını qətlə yetirdiyini etiraf edib.
İş üzrə dindirirlmiş Elşən Muradov ifadəsində bildirib ki, 2007-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra atası ilə müxtəlif ünvanlarda fəhlə işləyib. Hərdən musiqici kimi toylara gedib. Hövsan qəsəbəsində yaşayan Elmir Quluyevi 2008-ci ilin avqust ayında qonşusunun vasitəsi ilə tanıyıb. Bundan sonra Elmirin ailəsi ilə yəni arvadı Nərminə, oğlu Elnur və qızı Rəfiqə ilə də tanış olub.
Noyabrın 25-də o, Elmir Quliyevlə zəngləşərkən sonuncu piyano aldıgını və onu evlərinə gətirmək üçün bir neçə nəfər tapıb kömək etməyi xahiş edib. Az sonra Elnur Quluzadə ona zəng edib görüşməyi təklif edib. Axşam saat 5-də evlərinin yaxınlığında görüşüblər.
Kompuyerdə şeir yazmaq üçün Elnurun yaşadığı evə gəliblər. Həmin vaxt bacısı Rəfiqə də evdə olub. Bir az keçmiş Elmir Quliyev zəng edərək işi olduğunu və piyanonun gətirilməsini səhərə saxladığını bildirib. Elnur kompyuterdə özünün, dostlarının, bacısının və 19-20 yaşlarında bir qızın şəklini göstərib onun anası Nərminəyə məxsus gözəllik salonunda işlədiyini və onunla əlaqəsi olduğunu deyib. Cavab olaraq Elşən ona iradını bildirərək qızın namusu ilə oynamamasını, şəklinin kompyuterdə saxlamasının yaxşı iş olmadığını deyib. Bu zəmində aralarında münaqişə başlayıb.
Elşən bərk əsəbləşərək Elnurun oturduğu stula təpik vurub. Əlindəki siqareti pəncərədən çölə atıb çevriləndə Elnur əlindəki bıçaqla əvvəlcə onun sağ ayağına sonra isə qarnına zərbə vuraraq anasının otağına qaçıb. Yaralanan Elşən Elnurun arxasınca yollanıb. Sonuncu şüşə qabı onun sifətinə vurmaq istəyərkən əlindən qabı alaraq onun başına zərbə vurub. Daha sonra isə bıçağı ələ keçirən Muradov Elnuru çarpayıya itələyib ona iki zərbə endirib.
Elşən Muradov ifadəsinin davamında bildirib ki, qana bulaşmış corabını çıxarıb Rəfiqənin otağına keçib. Çarpayının üstündə olan əski ilə qanını silib bıçağı isə arxa sol cibinə qoyub. Elnurun otağına keçib tapdığı hansısa köynək ilə qarınındakı yarasını bağlayıb. Daha sonra mərhumun mobil telefonunu götürüb kömpyuteri söndürərək 1-ci mərtəbəyə düşüb.
Təxminən saat 18:30-da Elnurun telefonu ilə onun atası Elmirə zəng edib Elnurlə Suraxanıya 38 nömrəli avtobusun sonuncu dayanacağına getdiklərini, orada başqa şəxslərlə Elnurun söhbəti olacağını və onunda təcili həmin yerə gəlməsini deyib.
O, Elmirin Suraxanıya getdiyinə əmin olub Elnurun anası Nərminəyə zəng edib Elnurla evdə olduqlarını bildirib.
Təxminən 10 dəqiqədən sonra mərhumun anası evə daxil olaraq onun qan içində olduğunu görüb. Nə baş verdiyini soruşan qadına Elşən, Elnurla dalaşdığını və sonuncunun metiyinin hazırda 2-ci mərtəbədə olmasını söyləyib. Nərminə Quliyeva stolun üzərindən bıçağı götürüb onun üzərinə gəlib. Onlar əlbəyaxa olan zaman macal tapan kimi bıçaqla qadının qarnına ardıcıl zərbələr endirib. Nərminə yıxıldıqdan sonra o, əlavə zərbələr vurub və artıq onun keçindiyini görüb.
Yaralı vəziyyətdə pilləkəndə oturan zaman telefonuna zəng edən Elmir Quliyevə problem yarandığını və evə gəlməsini xahiş edib. Sonuncu Suraxanıda olduğunu tezliklə gələcəyini deyib.
Elşən Mudarov bildirib ki, bundan sonra Nərminənin meyitini sürüyərək otağa aparıb. Qapını bağlayaraq açarı televizorun arxasına atıb. Mətbəxə keçib sifətini və bıçağı yuyandan sonra divanda uzanıb və bir qədər mürgüləyib.
Axşam saat 21:00 radələrində darvazanın səsinə oyanıb. Elmir içəri daxil olub ondan nə baş verdiyini soruşanda ona deyib ki, güya Elnurun günahından onu Suraxanıda bıçaqlayıblar. Buna görədə o, Elnuru bıçaqla vurub və onu anası Nərminə həkimə aparıb. Elşən bildirib ki, bir qədər sonra halı pisləşdiyi üçün yuxuya gedib. Biraz keçmiş kimsə onu oyadıb. Gözünü açıb başının üstündə polis əməkdaşlarını görüb. Sonra nə baş verdiyi yadında qalmayıb.
Məhkəmə prosesində Elşən Muradov ittiham üzrə özünü qismən təqsirli bilib.
Şahid ifadələri, çıxışlar və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmədə hökm elan olunub.
Sonda məhkəmənin hökmü ilə Elşən Muradov ömürlük azadlıqdan məhrum olunub.
Natiq