Sözüm ağlayır - Abdulla Saymaz

 


Dərdimi, qəmimi atmaq istəsəm,
Başımı ümidlə “qatmaq” istəsəm,
O elsiz, obasız yatmaq istəsəm,
Yastığım nəm olur, gözüm ağlayır.

El-oba axtarıb, yolu azanda,
Ölən xatirəyə məzar qazanda,
Ürəkdən gələni qələm yazanda,
Vərəqlər islanır, sözüm ağlayır.

Gəzirəm aransız, gəzirəm dağsız,
Meşəsiz, çəmənsiz, bağçasız, bağsız.
Hələ yaşayıram yurddan soraqsız,
Səbrimə mat qalan dözüm ağlayır.

Arzu, istəyimə çata bilmirəm,
Kədərə bir sevinc qata bilmirəm.
Haqqı, ədaləti tuta bilmirəm,
Yalan ayaq tutub, düzüm ağlayır.

Elə doğulandan bəxti kəməm mən,
Qüssə daşıyanam, dərd çəkənəm mən,
Milyonlar içində təklənənəm mən,
İllərdir özümü özüm ağlayır.

Demokratikmusavat.com

0.17610883712769