Ana can - Məmməd Qədir

 

 

Bir çiçəkli bahar idim səninlə, 

Sənsiz ömrüm çölə dönüb, ana can. 

Hər dəqiqəm boğazımdan yapışır, 

Aya dönüb, ilə dönüb, ana can. 

 

İçin ağlasa da, üzün gülürdü, 

Hər dərdimi anlayırdın, bilirdin, 

Ovundurub göz yaşımı silirdin, - 

Göz yaşlarım selə dönüb, ana can. 

 

Göylərimdə Günəş idim , Ay idim, 

Qucağında Tanrı verən pay idim, 

Məcrasına sığışmayan çay idim, 

Oğlun çöküb lilə dönüb, ana can. 

 

Dərdlərini xatirənə bükmüşəm, 

Əzabını ürəyimə tökmüşəm, 

Həsrətini göz yaşımda əkmişəm, 

Qəbrin üstə gülə dönüb, ana can. 

 

Taleyimin təkərləri dönübdü, 

Dalğalanan bayrağımız enibdi, 

Sən gedəli ocağımız sönübdü, 

Məmməd Qədir külə dönüb, ana can...

"Demokratikmusavat.com"

0.23433494567871