2023-cü ildə Azərbaycanın maliyyə siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatı bərpa etmək üçün kütləvi fiskal stimulun tələb olunduğu dövrdə olduğundan daha mühafizəkar olacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu, Rusiyanın "Qazprombank"ının analitik qrupunun gözləntiləridir.
“Qazprombank”ın elmi işlər üzrə rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina hesab edir ki, 2023-cü ildə Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırır, reallıqda isə büdcəni profisitlə icra etmək olar.
“Bu il kəsirin 2022 və 2021-ci illər üçün nəzərdə tutulan 3,6 və 4,1 faizdən ÜDM-in 2,4 faizinə endirilməsi planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin büdcəsi neftin qiymətinin mühafizəkar proqnozuna əsaslanır. ABŞ bank sistemində risklərin artması fonunda “Brent” markalı neftin qiyməti bir barel üçün 78 dollara endikdən sonra belə onun kotirovkaları Azərbaycan büdcəsində müəyyən edilmiş səviyyədən 1,6 dəfə yüksək olaraq qalır”, - G. Xaydarşina bildirib.
“Qazprombank” hesab edir ki, neftin qiyməti bu səviyyədə qalsa belə, ilin sonuna kimi Azərbaycan büdcəsində ÜDM-in təxminən 1 %-i həcmində profisit yarana bilər.(Report)