SOCAR “Azəriqaz” İstehsalat Birliyində “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə növbəti dəfə görüş keçirilib. Tədbirdə ilk olaraq 31 Mart - Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən söz açaraq bu günün qan yaddaşımızın silinməz ağır səhifəsi olduğunu qeyd edib.
"Demokratikmusavat.com" xəbər verir ki, aksiya zamanı Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək cari ilin ilk rübündə Çağrı mərkəzinə daxil olan zənglərlə bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“3 ay ərzində 313 294 müraciət daxil olub ki, bunların 223 028-i Bakı şəhəri ərazisindən, 40 000-i Abşeron rayonu, 5567-si Sumqayıt şəhərindən, 15 minədək müraciət isə regionlardan daxil olub. Müraciətlərin əksəriyyətini sayğacla bağlı və məlumat xarakterli olan müraciətlər təşkil edir.”
Şöbə rəisi daxil olan müraciətlərin operativ şəkildə icra olunduğunu qeyd edib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev hər ay dövlət qurumlarının rəhbərlərinin, o cümlədən SOCAR “Azəriqaz” İB-nin rəhbərinin də regionlarda vətəndaş qəbulu keçirdiyini diqqətə çatdırıb.
Qurum rəsmisi aksiya zamanı vətəndaşlara müraciət edib: “Çox əfsuslar olsun ki, bəzən vətəndaşların qəbul zamanı etdikləri müraciətə yerində baxış keçirərkən reallığı əks etdirmədiyinin şahidi oluruq və digər problemlərlə rastlaşırıq. Qəbulda iştirak edən vətəndaşlardan problemlərini olduğu şəkildə səsləndirmələrini xahiş edirik.” - deyə, şöbə rəisi əlavə edib.
Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.