Xaricdə yaşayan azərbaycanlılarla müsahibələrimiz davam edir. Budəfəki müsahibimiz 9 ildir İtaliyada məskunlaşan Günay Həsənovadır. Dövlət xətti ilə İtaliyada geyim dizaynerliyi üzrə təhsil alan, eyni zamanda "TikTok" fenomeni olan Günay 5 dil bilir, dünyanın 20-dən çox ölkəsinə səyahət edib.
Onunla müsahibəni təqdim edirik:
- Zəhmət olmasa, əvvəlcə özünüz haqqında məlumat verərdiniz.
- 1994-cü il təvəllüdlüyəm. 9 ildir ki, İtaliyada yaşayıram. Geyim dizayneri olsam da, hobbi olaraq rəqəmsal məzmun yaradıcısıyam (digital content creater), yəni bloger kimi də fəlaiyyət göstərirəm.
- Necə oldu ki, İtaliyaya getdiniz?
- İtaliyaya gəlmə səbəbim, əslində, moda sahəsində bakalavr üzrə təhsil almaq idi. Azərbaycan dövlətindən xaricdə təhsil üzrə dövlət proqramının qaliblərindən biri idim. 2014-cü ildə dövlətin dəstəyi ilə İtaliyaya öz arzularımın ardınca oxumağa gəldim. Çünki bura modanın vətənidir. 3 il burada təhsil aldıqdan sonra isə işləməyə başladım.
- Sizi “TikTok”dakı "make-up" videolarınızdan tanıyıram. Bu sahədə hansısa təlimlərə qoşulmusunuzmu?
- Xeyr, heç bir təlimə qoşulmamışam. Uşaqlıqdan bəri, həmişə anamın kosmetikası ilə o, evdə olmayanda makiyaj edirdim. Mən hətta balacalıqdan təqlid etməyi də çox sevirdim. Bəzən onlar televizora baxarkən birdən-birə çox qeyri-adi bir üsulubda geyim, saç və aksesuarlarla içəri girirdim və müğənniyəmmiş kimi əlimdə mikrofonla gəzirdim. Yəni uşaq vaxtlarımdan incəsənətə marağım yüksək idi. Buna görə də Azərbaycanda olanda Əzim Əzimzadı adına İncəsənət Kollecində rəssamlıq üzrə oxumuşam.
Əlim çəkməyə yatqın olduğu üçün “make-up”da da yaxşı olmağa başladığımı düşünürəm.
- Hazırda bu sahədə fəaliyyət göstərirsinizmi? Yəni bu iş sizin üçün sadəcə hobbidir, yoxsa qazanc mənbəyidir?
- Bu iş mənim üçün əslində, hobbi olaraq başlamışdı və hazırda da belədir. Amma yavaş-yavaş işə çevrilir. Bunun üçün isə markalarla işləmək lazımdır. Mən də bəzi markalarla işləməyə başlamışam.
- Neçə ildir bu sahədəsiniz və necə məşhurlaşdınız?
- 2013-cü ildən bəri başlamaq istəyirdim, amma başlaya bilmirdim. Komplekslərim var idi, hər şeyin mükəmməl olmasını istəyirdim. Bu sahədə əgər bir yerə gəlib çatmaq istəyirsinizsə, hər şeyin əla olmasını əsla gözləməməlisiniz. Əlinizdə nə varsa, onunla başlamalısınız. Həmişə düşünürdüm ki, işığım yoxdur, kameram yaxşı deyil və s. Onların hamısını sonradan aldım. Amma mənim tamamilə bu işə özümü həsr edəcək qədər başlamağım bir il yarım əvvəl oldu. Öz-özümə dedim ki, artıq dayanmayacağam, bu, həyatımın vacib bir parçası olacaq. Hətta “make-up”la məşğul olmağa vaxtım qalsın deyə, frilans dizayner olaraq işləməyə başladım.
1.5 ildir ki, durmadan çalışıram. Videolar çəkməyə başladığım 8 ay ərzində heç bir geri dönüş almırdım. Bəzən depressiyaya düşürdüm, demotivasiya olurdum. Dayanmaq istəyirdim ki, bu qədər əziyyət çəkirəm, amma istədiyim yerə çata bilmirəm. Gec başladığımı düşünərək uğura olan inancımı itirirdim.
8 ay sonra məni digər “make-up” kontenti yaradan minlərlə insandan fərqləndirən stilimin nə olduğunu tapdım. “Make-up” transformasiya videoları çəkməyə başladım. İlk yaratdığım obraz ABŞ aktyoru Coni Dep idi. İnsanlar artıq işimə “vau” dedilər.
Əvvəllər adi və ya qeyri-adi gecə makiyajı videoları çəkirdim deyə, nəticəsi olmurdu. Çünki bunu edən yüzlərlə, minlərlə insan var.
Uğur qazanmağa başladıqdan sonra Türkiyədə çəkilən “Yasak Elma” serialındakı baş rol xanımların obrazlarını yaratmağa başladım və videolar belə desək, “partladı”. Bəyənmə, şərh və izləyicilərim sürətlə artmağa başladı. 3 ay ərzində izləyici sayım 5 mindən 20 minə, növbəti bir neçə ay ərzində isə 20 mindən 80 minə çatdı.
Amma özümü tam olaraq məşhur hesab etmirəm, hələ ki istədiyim yerə çatmamışam. Daha gözəl videolar gələcək, insanları təəccübləndirməyə davam edəcəyəm.
- Səhv etmirəmsə, fəaliyyətiniz “make-up arist” adlanır. Bəzən bilməyənlər bunu sadəcə “makiyaj” adlandırır. Bu sizi qıcıqlandırmır ki?
- “Make-up artist” makyaj rəssamı deməkdir. Bu, incəsənətin bir növüdür. İnsanlar bəzən bunu unudurlar. Bunu xəfifə almaq yanlışdır. Düzünü desəm, mən özümü “make-up artist” adlandırmıram. “Make-up artist”, adətən, başqalarının üzərində işləyən insanlara deyilir. Mən isə özümü başqalarının üzərində çox iddialı hesab etmirəm. Sözün əsl mənasında “make-up artist” olmaq üçün insanların üzünü çox yaxşı tanımaq lazımdır deyə düşünürəm.
- Videolarınızda daha çox dünyaca məşhur simalar, eləcə də Azərbaycan tamaşaçısına məlum olan Türkiyə seriallarının obrazları var. Yəqin ki, Türkiyədə də izləyici auditoriyanız var. Onların sizə münasibəti necədir?
- Düzünü desəm, izləyicilərimin 70%-i Türkiyədəndir. Buna görə də, əslində, auditoriyama uyğun olaraq məşhur türk aktyorları, müğənnilərin “make-up”ını edirəm. Onların bir çoxu azərbaycanlılara da tanış simalardır. Təbii ki, izləyicilərim arasında mənə münasibəti yaxşı olan da var, pis olan da.
Hər kəs hər işi bəyənə bilməz, amma bəyənlər daha çoxdur.
- Paylaşdığınız videolara görə, nə vaxtsa Türkiyədən hər hansı iş təklifi almısınızmı?
- Bəli, Türkiyədən bəzi markalardan təklif almışam. Bu yaxınlarda məşhur bir beynəlxalq mükafatlandırma mərasimi ilə bağlı mənə elektron poçt gəlmişdi. Qeyd olunurdu ki, əl işlərimi görüblər və ilin “ən yaxşı rəqəmsal məzmun istehsalçısı” (yılın en başarılı digital içerik üreticisi) nominasiyasında mənə mükafat vermək istəyirlər. Buna görə də məni tədbirə dəvət edirlər. Təbii ki, buna çox sevindim. Əvvəlcə baxdım görək bu, həqiqətən doğru məlumatdırmı. Saytlarını, elektron poçtlarını və s. yoxladım və əmin oldum ki, aldadılmamışam. Belə bir şey təbii ki, mənim üçün çox böyük bir qürur olardı. Sadəcə, sonradan mərasimə və mükafatın verilməsi ilə bağlı şərtlər göndərdilər. Mükafatın verilməsi üçün məndən pul tələb edirdilər. Düzünü desəm, bu məni çox təəccübləndirdi. Özü də bu, adi, kiçik bir mükafatlandırma mərasimi də deyil. Çox məşhur insanların, şirkətlərin və brendlərin qatıldığı bir tədbirdə pulla mükafat verilməsini gözləməzdim.
- Belə desək, son illərdə “make-up artist”lik populyarlıq qazanıb. Sizcə, bu nədən irəli gəlir?
- Bu cür kontent daha çox izləndiyi üçün son illərdə trend olub. Əvvəlki illərə nisbətən artıq “make-up” videolarının tərzi tamamilə dəyişib. Əvvəllər biz yutubda uzun-uzadı makiyaj videoları izləyirdik, amma indi yeni nəslin və “TikTok”un təsiri ilə insanların uzun videolar izləməyə səbri yoxdur.
Mən də sosial şəbəkələrdə professional “make-up artist”ləri izləyirəm. Çünki onlardan çox şey öyrənə bilirəm.
- Azərbaycanda bəzi “TikTok” fenomenlərindən bu platformadan əldə olunan qazanclarla bağlı fantastik məbləğlər eşidirik. Sizin də videolarınız yüksək baxış sayı toplayır. “TikTok”da sadəcə belə videolar paylaşmaqla doğrudan da yüksək məbləğlər qazanmaq mümkündürmü?
- “TikTok”da qazanc çox yoxdur. Deyilənlər həqiqətən bir yalandır. Bəli, bu platformadan qaznc əldə edilir, amma çox aşağı məbləğdə olur. Buradan ala biləcəyiniz yüksək məbləğ 4-5 min avro ola bilər. Bəlkə də hələ mən çox deyirəm. “TikTok”dan yaxşı pullar qazanmaq üçün bütün videolarınızın 8-9 milyon baxış sayı olmalıdır. Bu isə çox nadir bir şeydir. İnsanlar məhz “TikTok” və ya instaqramdan böyük məbləğdə pul qazanmır. Yaxşı qazanc üçün bu platformalarda markalarla işləmək şərtdir. Əsl gəlir mənbəyi odur.
- “Tiktok” bir platforma olaraq sizə hansı üstünlük qazandırdı?
- “TikTok”un instaqramdan əsas fərqi alqoritmlərlə bağlıdır. İnstaqram səni daha çox izləyən insanlara göstərirsə, “TikTok”səni bəzən heç gözləmədiyin bir auditoriyaya çatdıra bilir. Videon bütün dünyada viral ola bilir. Bu məncə “TikTok”un çox yaxşı tərəfidir. Elə buna görə də bəzi türk aktrisalar videolarıma rəy yazıb. Onlardan Zerrin Tekindor, Aslı Tandoğa, Eda Ece, məşhurlardan Danla Bilici misal çəkə bilərəm.
Obrazını yaratdıqlarımdan biri də Aslı Tandoğadır. Hazırda məni instaqramda da izləyir. Onunla ünsiyyətdə də olmuşam.
- “TikTok”la bağlı fikirlər birəmanlı deyil, çox adam qeyri-ciddi yanaşır...
- Doğrudur. Hətta mən özüm də əvvəllər bu platformaya qarşı çox önyarğılı idim. Amma indi “TikTok” çox ciddi bir platforma olub və bütün böyük markalar, şirkətlər və işini ciddi görən insanlar tərəfindən istifadə olunur. Üstünlüyü öyrəndiyim şeylərdir. Mən də digər insanlar kimi həm videolar çəkib paylaşıram, həm də izləyiciyəm.
- Gələcəklə bağlı hədəfləriniz nələrdir?
- “Make-up” işini böyütməkdə məqsədim daha böyük planlarımın olmasıdır. Hər şey istədiyim kimi gedərsə, inşallah, gələcəkdə öz kosmetika brendimi yaratmaq istəyirəm. Əslində, geyim brendi də yaratmaq istəyirəm, sadəcə, bu sahə başlamaq üçün daha çətindir. Makiyaj brendini isə yalnız bir məhsulla başlayaraq etmək mümkündür. Əslində, bu, çox da çətin deyil. Əlaqələrim də var. Sadəcə, elə bir şey etmək istəyirəm ki, çox yaxşı olsun. Hələlik sosial mediada işləyərək izləyicilərimlə birlikdə daha da böyüməyi hədəfləyirəm.
Tədbirlərdə xarici brendlərin siması olaraq ölkəmizi təmsil edən ilk azərbaycanlı olmaq, daha sonra isə öz markamı qurmağı hədəfləyirəm.
- Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsünüzmü?
- Azərbaycan yaşamaq üçün çox gözəl yerdir. Bir çox Avropa ölkəsi ilə müqayisədə daha təhlükəsizdir. Azərbaycanda qadınların axşam vaxtı şəhərdə olması, ailələrinin narahatlığına səbəb olur. Amma Avropa bu məsələdə daha təhlükəlidir.
9 il İtaliyada yaşayan, Avropa mentalitetini mənimsəmiş biri olaraq Azərbaycan mentalitetinə qayıtmağım mümkünsüzdür. Çünki düşüncələrimiz uyuşmur. Ona görə də qayıtmağı düşünmürəm. Azərbaycana sevdiyim insanları görmək, ailəmlə vaxt keçirmək və s. üçün gəlirəm.
İstəyirəm ki, artıq Azərbaycandan da yaxşı bir marka dünyaya çıxsın. Brendimi yaradıb dünyaya tanıtmaq, yaradıcısının azərbaycanlı olduğunu dünyaya göstərə bilimək xəyallarımdan biridir. Ona görə də düşünürəm ki, İtaliyadan dünyaya açılmaq lazımdır. Yəni qayıtmaq istəməməyimin bir səbəbi də ölkəm üçün daha böyük işlər görmək arzusu ilə bağlıdır.
- İtaliyada Azərbaycanı tanıyırlarmı?
- Mən bura gəldiyim gündən bəri getdiyim yerlərdə Azərbaycanı tanıyanlar çox olsa da, deyirdilər ki, azərbaycanlı tanışımız olmayıb. Tanıdıqlarım deyirlər ki, sən mənim tanıdığım ilk azərbaycanlısan. Bunu eşitməklə özümü xoşbəxt hiss edirəm. Burada çoxlu dostluqlar qurmuşam. Tanıdığım hər kəsə əlimdən gələn qədər ölkəmi tanıtmağa çalışmışam. Onlar məni tanıdıqdan sonra deyiblər ki, sən bizdə elə bir fikir formalaşdırmısan ki, Azərbaycan haqqında mənfi şeylər düşünə bilmərik. Bu mənim üçün çox gözəldir. Çünki ölkəmi yanlış şəkildə təmsil etməmişəm.
- Sosial şəbəkələrlə bağlı planları olanlara hansı tövsiyələri verərdiniz?
- Elə bu gün başlayın, sabahı, hər şeyin ideal olmasını gözləməyin. Şəxsən mən gecikdirdiyim üçün çox peşmanam, vaxtında başlasaydım, indi çox başqa yerdə olardım. “Əvvəllər başlayanlar uğur qazanıb, indi başlamaq mümkün deyil” düşüncəsi, tamamilə yanlışdır.
- Son olaraq xəyallarının ardınca getmiş biri kimi xanımlarmıza nə məsləhət görərdiniz?
- Azərbaycanlı qızlarımız yaşından, mentalitetdən, mühafizəkar ailəsi olmasından asılı olmayaraq xəyallarından əsla vaz keçməsinlər. Ailəniz sizə qarşı çıxa bilər, amma sizi həqiqətən sevirlərsə, çox istədiyinizi görsələr, bunu sizin üçün mümkün edəcəklər. “Atam icazə verməz”, “bizdə belə şeyə pis baxırlar”, “alınmaz” demək sizin işlərinizə əngəl olacaq. Beyninizə qoyduğunuzu etməyi və bacardığınızı hamıya göstərməyinizi məsləhət görürəm. Çünki biz güclüyük. Bizim ata, qardaş, daha sonra isə həyat yoldaşı mühafizəsində olmağa ehtiyacımız yoxdur. Öz ayaqlarımız üzərində dura bilərik.
Mənim atam da mühafizəkardır. Bəzi məsələlərdə çox narahat idi, heç razı deyildi, amma gecə-gündüz çalışdığımı gördü. Təqaüd qazanmasam da, ailəm maşınını satıb məni İtaliyaya oxumağa göndərəcəkdi.
Yəni mən də 100 faiz müasir və hər şeyə razılıq verən bir ailədən çıxmamışam. Yavaş-yavaş atamın fikirlərini də dəyişdim, təkbaşına nələrisə bacara biləcəyimi göstərdim. Atam inandı ki, qızı uzaqda olsa da, narahat olmamalıdır. Çünki bilir ki, qızının ağlı başındadır, özünü qoruya biləcək haldadır. Bu düşüncəni istəsəniz, siz də ailənizə aşılaya bilərsiniz. Asan və başqasının qanadları altında olmaq kimi yollara qaçmayın.
Söhbətləşdi: Billurə Yunus