Yeni tələb icbari avtosığorta problemini aradan qaldırmır?

 

Bir müddət əvvəl avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı ortaya çıxan problemlərin ardından Azərbaycan Mərkəzi Bankı sığorta şirkətləri qarşısında yeni tələb qoydu. Belə ki, tələblə sığorta şirkətləri sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə bağlanması imkanına malik olmalı idi. Sığorta şirkətləri isə bu tələbi yerinə yetirdi.

Lakin vətəndaşlar sığorta şirkətlərinin rəsmi səhifələri vasitəsilə sığorta müqaviləsinin bağlanmasında problemlər yaşadıqlarını deyirlər. Belə ki, şirkətlər tərəfindən sistemdə xəta olduğu və tez bir zamanda aradan qaldırılacağı deyilsə də, bu, günlərlə davam edir.

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, problemin aradan qaldırılması istiqaməti yalnız onlayn sistemin həll edilməsi deyil, eyni zamanda sığorta agentlərinin də bu prosesdə iştirakıdır:

“Sığorta agentlərinin sözlərinə görə, aprelin 1-dən sığorta şirkətləri avtonəqliyyat sürücülərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta komissiyalarını azaldırlar. Bu o deməkdir ki, sığorta agentləri bununla bağlı komissiya ala bilməyəcək, bu zaman xidmət səviyyəsi də aşağı düşəcək”. 

Ekspertin sözlərinə görə, dövlət inzibati amillər tətbiq etməklə vətəndaşları bu sığorta növünün tətbiqinə məcbur edir: “Burada isə komissiya şəklində sığorta şirkətləri və agentləri gəlir qazanırdı. Görünən odur ki, İcbari Sığorta Bürosu ilə sığorta şirkətləri arasında hansısa sövdələşmə olub və bu məsələlərdə Mərkəzi Bank da sığorta şirkətlərini dəstəkləyir. Mərkəzi Bank requlyator kimi bu məsələ ilə bağlı mövqeyini ortaya qoymalıdır”.

“Problemin aradan qaldırılmasına sığorta agentlərinin də öz töhvəsi olmalıdır. Əgər agentlər cəlb edilməyəcəksə, icbari avtosığortanın aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməlidir. Əgər bu məsələ sosial xarakter daşımırsa, hər kəs buradan fayda götürə bilər. Bununla bağlı bir digər nümunə icbari şəxsi sığortaların “Azərsığorta”dan alınaraq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna verilməsidir”, - deyə İ. İbrahimov əlavə edib.  
Problemlə bağlı İcbari Sığorta Bürosu və Mərkəzi Banka sorğu göndərilib.

Könül
Demokratikmusavat.com

 

0.17709612846375