Hikmət Hacıyev: "Qərbi Azərbaycan İcması qayıdış konsepsiyasını hazırlayıb"

 

"Qərbi Azərbaycan İcması bu yaxınlarda qayıdış konsepsiyasını hazırlayıb".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"2020-ci ildə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızı da ruhlandırdı. Onların qayıdış arzusu daha da gücləndi. 2022-ci ildə onlar təşkilatlanaraq Qərbi Azərbaycan İcması yaratdılar. Dekabrın 24-də Prezident İlham Əliyev icma ilə görüşdə faktiki olaraq Qərbi Azərbaycan mövzusunu millətimizin yeni strateji hədəfi kimi müəyyən etdi.

İcma bu yaxınlarda qayıdış konsepsiyasını hazırlayıb. Onlar sülh yolu öz dədə-baba torpaqlarına geri dönmək, dinc yanaşı yaşamaq istəyirlər. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır. İcma həm də hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistanın öhdəliyi kimi Azərbaycan-Ermənistan sülh müqaviləsində təsbit olunmalıdır", - Hikmət Hacıyev qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Ermənistanın qərbi azərbaycanlıların dinc qayıdışını özünün ərazi bütövlüyünə təhlükə kimi görməsi bir daha onun qeyri-konstruktivliyini və etnik nifrət siyasəti yürütdüyünü göstərir.

0.15022492408752