İnsanlar bilə-bilə kütləvi ölümü niyə "seçir"? – Ekspert səbəbini açıqladı

 

İnsanlar bir çox hallarda həyati təhlükədən xəbərdar olsalar da, buna diqqət yetirmir. Məsələn, onlar bilir ki, dəm qazı ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına məhəl qoymasalar, bu, ölümlə nəticələnə bilər.

Bununla belə, bu cür hadisələr tez-tez təkrarlanır.

Görəsən, insanların bilə-bilə öz həyatına bu cür laqeyd yanaşması nədən qaynaqlanır? Məsələnin psixoloji aspektləri nədən ibarətdir?

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan klinik Psixoloq Fuad Əsədov bu laqeydliyin səbəbini iki cür izah edir:

“Ümumiyyətlə, burada çox maraqlı bir düşüncə tərzi var. Məsələn, çox pis hadisələr insanın başına bir neçə dəfə gələ bilir. Bir insanın maşını bir neçə dəfə qəzaya uğraya, özü bir neçə dəfə xəstələnə, iş həyatında uğursuzluğa məruz qala bilər və s.

Amma ölüm elə bir şeydir ki, bir dəfə olur və bu, son deməkdir. Yəni bir dəfə olur və bitir. Ona görə də insanlar hər zaman ölümün çox az ehtimal daxilində ola biləcək bir şey olduğunu düşünürlər. Halbuki elə deyil.  Ölümün hər insanın həyatında bir dəfə baş verməsi, onun az ehtimal olunan hadisələrdən olması demək deyil. Əslində, gündəlik həyatda bir çox məqamda insan ölümlə üzləşə bilir. Ölümün bir dəfə və son olması əsasən də xəstəliklərdən, yaşlılıq kimi səbəblərdən baş verməsi, insanlarda bunun onlardan uzaq ola biləcəyi illuziyasını yaradır. Yəni loru dildə desək, “hər halda indi ölmərəm” düşüncəsidir. İnsan fikirləşir ki, bu ağacın altından keçəcəyəm, hər halda 5 saniyə ərzində ağac başıma düşməz.

Yəni birinci səbəb saxta təhlükəsizlik hissinin verdiyi məsuliyyətsizlikdir. İkincisi isə odur ki, insanlar bəzən öz problemlərini, sosial həyatın sıxıntılarını və s. o qədər düşünürlər ki, məsələn, tikinti ərazisinin altından keçdiyinin belə fərqinə varmır və ya küləkli havada təhlükəli yerdən getdiklərini düşünmürlər”.

Mütəxəssis insanların öz həyatına laqeyd yanaşdığı halda əşyalarını daima qorumasının səbəbini də açıqlayıb: 

“Çünki bu daha çox gözlə görünən bir şeydir. Kimsə deyə bilməz ki, maşını səhvən yanlış yerdə saxlamışam. Belə bir şey o halda mümkün ola bilər ki, insan diqqət əskikliyindən əziyyət çəksin. Amma insan fikirli halda addımlarını avtomatik şəkildə atır, keçməməli olduğu yerlərdən keçir”, - deyə o əlavə edib.

Qeyd edək ki, yerli mətbuatda vaxtaşırı ölkə vətəndaşlarının dəm qazı səbəbindən öldüyü barədə xəbərlər yer alır. İşin faciəvi tərəfi isə evdə yaşayan insanların hamısının qurbana çevrilməsidir. Yəni həmişə bir nəfər həyatını itirmir, tez-tez “Bir ailənin 3 üzvü dəm qazından zəhərlənərək öldü” və ya oxşar başlıqlı xəbərlərə rast gəlirik.

Billurə Yunus

 

0.32702803611755