Dar yola görə ev “kül” oldu: Vəziyyət daha pis ola bilər - XƏBƏRDARLIQ

 

Bakı və Bakıətrafı ərazilərdə infrsatruktur problemləri hər ötən gün öz mənfi nəticələrini göstərməkdədir. 

Belə ki, ötən gün Bakının Binəqədi rayonunda yaşayış evində yanğın hadisəsi baş verdi və məhəllələrin yollarının darlığından yanğınsöndürən maşınlar əraziyə daxil ola bilmədi. Nəticədə isə ev yanaraq yararsız hala düşdü.

Məhəllələrin yollarının darlığı, çoxmənzilli binaların yollara yaxın tikilməsi, infrastrukturla bağlı bu kimi problemlər bir müddət əvvəl qonşu ölkələrdə müşahidə olunan dağıdıcı zəlzələlər fonunda da gündəmə gəlmişdi. Çünki düzgün qurulmayan infrastruktur yanğın, zəlzələ və digər fövqəladə hallarda vəziyyəti daha da ciddiləşdirə, tələfatı artıra bilər.

Əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, problemin kökündə dayanan məsələlərdən biri bölgələrdən Bakı şəhərinə işçi qüvvəsi axınının yüksək olmasıdır:

“Birinci Qarabağ müharibəsi səbəbindən paytaxt Bakıya bölgələrdən yüz minlərlə insan üz tutdu. Həmçinin Sofet İttifaqının dağılmasından sonra işsizlik səbəbindən kənd və rayonlardan böyük şəhərlərə, daha çox paytaxt Bakıya köç oldu və plansız və böyük həcmdə tikintilər başladı. Görünən odur ki, bu gün Bakı şəhəri Sumqayıt şəhəri ilə fərdi həyət evləri üzərindən birləşib. Bakı və Abşeron ərazisində 500 mindən artıq təkcə çıxarışı olmayan fərdi həyət evləri var və artıq həyət evlərinin həcminin nə qədər çox olduğu bəllidir. Təbii ki, çıxarışların verilməməsinin əsas səbəblərindən biri həmin tikililərin normativlərə uyğun aparılmamasıdır. Bu ərazilərdə tikinti işləri hələ də davam edir və bu sahəyə nəzarət edən dövlət qurumları var. Hər bir bölgənin ümumi tikinti standartları olmalıdır: yolların enindən başlayaraq bütün infrastruktur hesablanmalı və ara məsafələri gözlənilməlidir. Hazırda əksər ərazilərdə ara məsafələri gözlənilmədiyindən hər hansı fövqəladə hal baş verdikdə ciddi problemlər yaranır, yanğınsöndürən və təcili yardım maşınları əraziyə daxil ola bilmir”. 

Ekspertin sözlərinə görə, bu, təkcə fərdi həyət evlərində deyil, sıx şəkildə tikilmiş yeni çoxmənzilli binalarda da ciddi yol problemləri yaradır. Binalar yaxın tikilir, avtoparklar məhdud sayda olur və hər kəs avtomobilini məcburən yol kənarında park edir. Nəticədə, oxşar problemlər ortaya çıxır:

“Bir müddət əvvəl müxtəlif ölkələrdə - Türkiyə, Suriya, Rusiya və İranda zəlzələlər baş verdi və böyük dağıntılar oldu. Azərbaycanda isə infrastrukturun doğru qurulmaması ilə dağıntıların həcmi daha böyük ola bilər. Bu sahəyə nəzarət edən qurumlar çoxdur: bəzi ərazilərdə bələdiyyələr, bəzi ərazilərdə icra hakimiyyətləri. Bakı şəhərinin hazırda baş planının olmaması pərakəndə tikintinin davam etməsinə səbəb olan bir digər amildir. Bu tikililərin gələcəkdə sənəd almasında da ciddi problemlər olacaq”. 

E. Fərzəliyev lazımı tədbirlərin görülməməsi səbəbindən tıxac problemlərinin yaranmasına da diqqət çəkir: “Bu gün Bakı və ərtaf ərazilərdə ciddi və həll olunmayan tıxac problemləri yaranır. Evlər bir-birinə yaxın tikilir, ara küçələrdə belə avtomobillər park edilir”. 

“Bu problemlərin qarşısı zamanında alınmalı idi və düşünmürəm ki, hazırda hər hansı müdaxilə edilə bilsin. Tikililərin söküntüsü isə çətin məsələdir və bu zaman kompensasiya verilməlidir. Problemin digər şəhər və bölgələrə sıçramaması üçün nəzarət gücləndirilməlidir. Əks halda mövcud vəziyyətdən daha ciddi problemlər yaşana bilər”, - deyə ekspert əlavə edib.

Könül
Demokratikmusavat.com

 

0.18409490585327