Xaricdə yaşayan azərbaycanlılarla müsahibələrimiz davam edir. Budəfəki müsahibimiz 6 ildir İtaliyada məskunlaşan Rəmziyyə Ağayevadır. Onunla italyanlar və azərbaycanlıların oxşar və fərqli xüsusiyyətləri, italyan mədəniyyəti və s. mövzularda həmsöhbət olmuşuq.
- Zəhmət olmasa, əvvəlcə özünüz haqqında məlumat verərdiniz. Necə oldu ki, İtaliyaya getdiniz?
- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Hələ kiçik yaşlarımdan xarici ölkələrdə yaşamaq, təhsil almaqla bağlı xəyallarım vardı. Azərbaycanda təhsil aldığım müddətdə də xaricdə təhsillə maraqlanırdım. Xarici ölkələrə bağlı planlarım olsa da, haradan başlayacağıma qərar verməmişdim.
Büdcəm öz hesabıma təhsil almağa imkan vermirdi deyə, təqaüdlə təhsil ala biləcəyim yer axtarırdım. Həmin dövrdə isə təqaüdlə İtaliyaya müraciət edə bilərdim. 2017-ci ildən Avropa hüququ üzrə təhsil almaq üçün buraya gəldim. Amma hazırda burada ingilis dilindən dərs deyirəm.
- Çox zaman azərbaycanlılarla italyanların bir çox cəhətdən oxşar olması ilə bağlı fikirlər səsləndirilir. Doğrudan da bu belədirmi? Oxşarlıqlar varsa, nədən ibarətdir?
- İtaliyanlarla azərbaycanlılar arasında oxşarlıq müxtəlif sahələrdə var. Üzdən də müəyyən qədər oxşayırıq. Buradakı ortayaşlı italyan kişiləri Azərbaycan kişilərinə çox oxşayırlar. Elə bilirsən ki, Avropa üslubunda geyinən azərbaycanlılardır.
Bundan əlavə, xarakter cəhətdən də çox oxşarlığımız var. İtalyanlar da bizim kimi emosional millətdirlər. Deməzdim ki, bu, bütün İtaliyada belədir. Mən İtaliyanın cənubunda, Romada yaşayıram. Burada italyanlar daha çox ünsiyyətcil, özlərindən ətraflı danışmağı, emosiyalarını tam ifadə etməyi sevən insanlardır. Bu cəhətdən azərbaycanlılarla oxşayırlar. Deyib-gülən insanlardır, gərginlikləri yoxdur, çox sərbəstdirlər. Burada heç kim heç kimə baxmır.
Eyni zamanda italiyanlarda da bizdəki kimi batil inanclar var. Məsələn, evdə, qapalı məkanlarda çətir açmaq olmaz, çünki bu, uğursuzluq əlaməti sayılır.
Əgər hansısa bir yerdə qəza olubsa, hər bayram ərəfəsində ora təzə güllər, əklillər qoyulur.
- İtalyanların çox danışdığını eşitmişəm. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur. Bu da azərbaycanlılarla oxşar xüsusiyyətlərdəndir. Danışmağa xüsusi vaxt ayırırlar. Bir söz soruşanda ərinmədən vaxt ayırıb onu sizə izah edirlər. İtaliyanın cənubunda və mərkəzi hissəsində belədir, amma siz şimala qalxdıqca görərsiniz ki, insanlar daha qapalı və soyuqdurlar. Eynilə şimalda ərazinin daha soyuq olması kimi.
Məsələn, burada insanlar avtobusa minəndə bir-birləri ilə salamlaşır, danışmağa başlayırlar. Uzun-uzun sizinlə dərdləşir, düşəndə isə sağollaşırlar.
Çox rahat şəkildə ictimai yerdə şikayətlənə bilərlər. Bədən dillərindən çox güclü şəkildə istifadə edirlər. Düşünürəm ki, italyan dilini bilməyən insanlar onları bədən dili ilə, hərəkətlərinə baxmaqla rahatlıqla anlaya bilər.
Burada yaşlı insanlar özünü cavan biri kimi aparır.
- İtaliyada yaşadığın ilk illərdə Azərbaycandan fərqli olaraq sənə ən qəribə gələn nə idi?
- İlk başlarda mənə çox fərqli gələn şey yaşa görə davranışdır. İnsanların yaşayış tərzi, özünə münasibəti çox fərqlidir. Burada yaşlı insanlar özünü cavan biri kimi aparır.
Azərbaycanda belə bir anlayış var ki, yaşlısansa, məsələn, rəngli geyinmək olmaz, müəyyən davranış şəkilləri var ki, ona riayət etməlisən. Bizdə nəinki yaşlılar, cavanlar belə, insan içərisində oturub-durmasına fikir verirlər.
Romada yaşlı insanlar çox həyat doludurlar, xüsusi bir şey etməsələr də, özlərinə fikir verirlər. Siz burada saçı bənövşəyi, çəhrayı rəngdə olan yaşlı qadın görə bilərsiniz. Fikir versəniz görərsiniz ki, özlərini gənc qız kimi aparırlar. Eyni zamanda orta yaşlı və yaşlı kişilər də özünü bizim öyrəşdiyimiz yaşlılar kimi, həyatın sonuymuş kimi, sadəcə evdə otura bilərmiş kimi aparmırlar.
Azərbaycandan fərqli olaraq burada yaşlı adamlara çəkinə-çəkinə durub yer verə bilərsiniz. Avtobusda nəzakətlə deyə bilərsiniz ki, xanım, əyləşmək istəyərsinizmi? Çoxusu birbaşa imtina edir. Bu mənim öyrəşdiyim bir şey deyildi.
Həyatı sevirlər, yavaş-yavaş yaşayırlar, özlərinə çox fikir verirlər. Hər şeyin dadına baxırlar, amma az-az. Çalışırlar ki, yüngül qidalansınlar.
Siz həmçinin burada idman mərkəzlərində yaşlı adamları çox görə bilərsiniz. Yəni saç-başı ağarmış, amma bədəni, duruşu, qaməti çox fit qocalar var. Burada üzü qırışsa da, üzgüçülüyə gedən yaşlı nənələr görə bilərsiniz.
- Bəs mətbəx mövzusu necə?
- Əlbəttə ki, bir azərbaycanlı üçün Azərbaycan mətbəxinin yeri çox fərqlidir. İtalyanların da çox dadlı mətbəxi var, amma bizdən fərqli olaraq ağır yeməklərə üstünlük vermirlər. Biz Azərbaycanda çox yağlı, ağır, duzlu-istiotlu, kəskin dadlı yeməklər yeyirik. İtaliyada isə bizimlə müqayisədə elə qidaları daha az yeyirlər. Adətən, bitki mənşəli yağlardan, zeytun yağından istifadə olunur. Məsələn, çörək diliminin üzərinə zeytun yağı töküb duzlayıb yeyirlər.
13-14 yaşlı insanlar fikirlərini daha rahat və səlis ifadə edirlər.
- İtalyanlar ailədə necədirlər?
- İlk illərimdə İtalyanların uşaqlara qarşı münasibətləri xoş anlamda mənə qəribə gəlirdi. Məsələn, biz uşaqları balacalıqdan həkim, polis və s. olmağa kodlaşdırırıq. Burada belə bir şeydən söhbət gedə bilməz. Uşaqlara bu mənada ideya vermirlər. İtalyanlar övladlarını məktəbdən sonra maraqlarına uyğun müxtəlif dərnəklərə aparırlar. Ola bilər ki, uşaq bir müddətdən sonra o dərnəyi bəyənməsin və başqa bir şeylə maraqlansın. Bu zaman onu dərnəkdən çıxarıb istəyinə uyğun sahəyə yazdırırlar. Həmçinin uşaqlarını müxtəlif idman növlərinə yazdırırlar. Ona görə də italyanlar yetkin yaşa çatdıqda həyat təcrübələri böyük olur və öz azad iradələrinə görə, əlbəttə ki, müəyyən limit içərisində seçim edə bilirlər.
Azərbaycanda 18 yaşlı şəxs daha çox uşaq kimi, ailəyə bağlı olur. Burada isə 13-14 yaşlı insanlar fikirlərini daha rahat və səlis ifadə edirlər. Bəlkə də mən müşahidə elədiyim vaxtdan sonra çox şeylər dəyişib, dəqiq deyə bilmərəm.
Digər tərəfdən italyanlar da azərbaycanlılar kimi çox ailəcanlıdırlar. Dini bayramlarında, ad günlərində, uşaqların xristianlığı qəbul etməsi və s. bayramlarda ailələr mütləq toplaşıb bunu qeyd edirlər. Xalaoğulları, bibiqızları hamısı bir yerə yığışır. Bir uşaq böyüyüb yetkin olsa belə, öz ailəsi ilə sıx əlaqələri olur.
Hansısa bir yerə gedirsinizsə, sizdən xahiş edirlər ki, italyanca danışasınız. Fərqi yoxdur ki, siz bura yeni gəlmisiniz və italyan dilini bilmirsiniz.
- İtaliyada ingilis dilindən istifadə hansı səviyyədədir?
- Burada mənə çox fərqli gələn digər bir məsələ isə italyanların dillərinə çox hörmət etmələridir. Məsələn, hansısa bir yerə gedirsinizsə, sizdən xahiş edirlər ki, italyanca danışasınız. Fərqi yoxdur ki, siz bura yeni gəlmisiniz və italyan dilini bilmirsiniz. Onlar yenə də sizdən italyanca nə isə deməyinizi gözləyirlər. Hətta deyirlər ki, bura gəlmisənsə, dilimizi də öyrənməlisən. İngilis dilini burada o qədər də mükəmməl bilmirlər. İtalyanca bir neçə kəlmə deyib arxasını ingiliscə gətirsəniz belə, o dəqiqə sevinirlər və başlayırlar sizinlə bildikləri qədər ingiliscə danışmağa. Sizin onların dilini bilməyiniz onları çox təsirləndirir. Çünki öz dillərini çox sevirlər.
Əgər işlədiyiniz ixtisas sırf ingilis dili tələb etmirsə, burada iş yerində qoyulan əsas tələb italyan dilini mükəmməl bilməkdir.
Avropanın digər soyuqda yerləşən ölkələrinə nisbətən daha yardımsevər olduqlarına görə, istənilən mövzunu vaxt ayırıb sizə izah edirlər.
İtaliyada insanlar cəmiyyət içərisində burunlarını çox səs-küylü şəkildə silirlər.
- İtaliya və Azərbaycan mədəniyyətində bir-birinə kəskin şəkildə zidd olan nələr var?
- Bura gələndə ilk dəfə rastlaşdığım bir şeyə görə mədəniyyət şoku (cultural shock) yaşadım. İtaliyada insanlar cəmiyyət içərisində burunlarını çox səs-küylü şəkildə silirlər. Bizim mədəniyyətdə belə bir şey o qədər də uyğun sayılmır və insanlarımız bunu daha qapalı və gizli yerdə eləməyə üstünlük verirlər.
Mən bunu ilk dəfə imtahanda gördüm. Tam sakitlik vaxtı müəllimin burnunu səsli şəkildə silməsi, mənə qəribə gəlmişdi. Başımı qalırdanda gördüm ki, məndən başqa heç kim buna fikir vermir və normal qəbul edir. Amma zamanla onların mədəniyyətinə o qədər çox alışırsınız ki, yavaş-yavaş siz də onlardan birinə çevrilirsiniz, mədəniyyətləri, anlayışları, yanaşma tərzləri və s. sizə də hopmağa başlayır.
- İtaliyada şərabın çaydan ucuz olması, “Starbucks”ı heç sevmədikləri, hər kəsin küçədə hər zaman dəblə geyinməsi ilə bağlı sosial şəbəkələrdə bir video gördüm. Bu nə dərəcədə doğrudur?
- İtaliya şərab istehsalına görə ən yuxarıda dayanan ölkələrdən biridir. Bu səbəbdən əlbəttə burada şərab və digər içki növləri ucuz olur. Çeşidləri çoxdur, hər qiymətə tapa bilərsiniz. Qiymətlər də keyfiyyətə və çeşidinə görə dəyişir.
“Starbucks” gəldikdə isə mən qaldığım ərazidə və cənubda yoxdur. Ənənəvi italyan düşüncəsinə görə, bir o qədər də dəstəkləmirlər. Öz yerli kofelərinin istehsalının və istifadəsinin tərəfdarıdırlar. Hər məhəllədə azı 3-4 yerdə kiçik kofebarlar görə bilərsiniz. Burada səhərlər mütləq kofe içirlər.
Dəb mövüzusu da ərazilərə görə dəyişir. Məsələn, Romada gəlmələr çox olduğuna görə, siz burada həm dəbli geyinən, həm də bunun tam əksi olan insanlar görə bilərsiniz. Şimal ərazilərində insanlar daha dəbli geyinirlər. Xüsusən də modanın mərkəzlərindən hesab olunan Milanda.
Bizim ölkəmizdən fərqli olaraq onlar dəbli geyinmək deyəndə çox hündür dabanlı ayaqqabı, çox makiyajdan istifadə etməyi nəzərdə tutmurlar.
Sırf italyanlardan söhbət gedirsə, onlar daha çox rahatlığa fikir verirlər. Yaşlarına görə zövq anlayışları da dəyişir. Ortayaşlı qadınlar daha çox rəngli geyimlərdən, rəngli detal və naxışlardan, qalın, böyük qolbaq və seplərdən, böyük bijuteriyalardan, tək rəng tonunda olan geyim kombinlərindən və s. istifadə edirlər.
Yaşlı qadınlar gözlərini rəngli bəzəyir, dodaqlarına qırmızı boya vurular.
Bizim ölkəmizdən fərqli olaraq onlar dəbli geyinmək deyəndə çox hündür dabanlı ayaqqabı, çox makiyajdan istifadə etməyi nəzərdə tutmurlar. Məsələn, daha yüngül, rahat, eyni zamanda da dəbli görünən şeylərdən istifadə edirlər.
Sözün yaxşı mənasında məni təsirləndirən şeylərdən biri də o idi ki, bizdəkindən fərqli olaraq qızlar universitetə dikdabanda, makiyaj edərək, gəlmirlər. Adətən, rahat, amma şıq geyinirlər və bel çantasından istifadə edirlər.
- Avqust ayında İtaliyada hər yerin bağlı olması doğrudur?
- Bəli, burada avqustda hər yer bağlanır. Onda insanların işi də çətinləşir. Adətən avqustun 6-dan sonra bir çox iş yeri bağlanır və tətilə gedirlər. Bunu bir neçə gün əvvəldən elan edirlər. Tətilə çıxmazdan bir gün əvvəl bu münasibətlə bir-birlərini təbrik edirlər.
Avqustda əsasən, həyati önəmli servis mərkəzləri və supermarketlər işləyir.
- İtaliya təhsil sistemində ən bəyəndiyin cəhət nədir? Orta məktəblərdə təhsil barədə məlumatın varmı?
- Bir neçə il italyan ailəsinin evində qalmışam və bu müddətdə orta məktəb təhsili ilə bağlı bəzi şeylər öyrənmişəm. Ən çox diqqətimi çəkən əzbərçiliyin olmamasıdır. İtalyan uşaqların heç vaxt şeir əzbərlədiyini görməmişəm. Tədris, öyrənib başa düşmək üzərində qurulub.
Bundan əlavə, ən bəyəndiyim şey professorların, müəllimlərin daha əlçatımlı olmalarıdır. Nəyinsə müzakirəsi üçün sizinlə dərsdən sonra saatlarla vaxt keçirə bilərlər. Dərsi başa düşməmisinizsə, professsor sizə əlavə vaxt təyin edir, ofisində suallarınızı cavablandırır. Nə kömək lazımdırsa edirlər.
Çoxlu kitabxanaları var. Məsələn, universitetin kampusunda kilsə var, kilsənin içərisində kitabxana var. Hər dindən olan insanlar gəlib orada kitab oxuya bilər. İtalyanlar dinlərini bir adət kimi, mədəniyyətin böyük bir hissəsi kimi qoruyurlar.
Universitetin keyfiyyəti deməzdim ki, hər yerdə mükəmməldir. Universitetlərin reytinqindən asılı olaraq dəyişir.
- Bir də ən çox rastıma çıxan məsələ, italyanların az qala gündə 3 dəfə makaron, yeməsi, spagettini bölərək qazana atılmasına əsəbiləşmələridir...
- Bəli, itlayanlar spagettini qıranlara çox pis baxırlar. Doğrudan da buna əsəbiləşirlər. Siz onların gözünün qarşısında spagettini qırsanız, onu yeməzlər. Bundan əlavə, makaronların müxtəlif növləri az qalıb deyə, qarışdırıb bişirsəniz, onu da yeməzlər. Bu məsələdə çox ciddidirlər. Gündə 3 dəfə olmasa da, hər gün yeyirlər. Buradakı bizim öyrəşdiyimiz makaron deyil. Həqiqətən makaronları çox dadlıdır. Çünki bişirmə qaydaları, makaronun keyfiyyəti, dadı çox fərqlidir. Bu sahədə ustadırlar və çeşidləri çoxdur.
İtaliyada çox güclü oğurluq var. İşıq sürətində oğurluq olur. İnsanlar bura gələndə çantalarını belinə yox, önünə taxıb gəzirlər. Polisə müraciət edəndə bu məsələlərə baxmır.
- İtaliyanın müsbətlərindən danışdınız. Bəs neqativ məqamlar barədə nə deyə bilərsiniz?
- Təbii ki, heç bir yer möcüzəvi deyil, hər yerdə çətinlik var. İnsanlar bəzən bir yerdən çıxıb başqa yerə gedirlər və kinolarda təsvir olunan bir yer tapmağa ümid edirlər. Məsələn, ABŞ, İtaliya və s. filmlərdə tamam başqa cür təsvir olunur.
İtaliyada çox güclü oğurluq var. İşıq sürətində oğurluq olur. İnsanlar bura gələndə çantalarını belinə yox, önünə taxıb gəzirlər. Polisə müraciət edəndə bu məsələlərə baxmır.
Bir də Roma nə qədər gözəl olsa da, şəhər çirklidir. Siz hər yerdə çirk, üzən zibillər görə bilərsiniz. İctimai nəqliyyat çox çirklidir.
Düzdür, şimalda və Roma ətrafında bu, bu belə deyil. Yəqin ki, dediyim kimi, bu da Romada qarışıq millətlərdən insanların olması ilə bağlıdır.
Digər tərəfdən, bürokratiya çox güclüdür. Bir sənədi alana qədər xeyli müddət keçir. Bəzən yaşayış icazəsi alana qədər 6 ay gözləyirsiniz. Bu da insanı yoran məsələlərdən biridir.
Paytaxt Roma isti şəhərdir. Bura qar 50 ildən bir yağır. Təbiəti çox gözəldir, yaşıllıq, çox böyük, hektarlarla sahəni əhatə edən parkları var. Çox hündür olan binalar yoxdur. Şəhərin müəyyən bir hissəsi var ki, burada yeni göydələnlər görə bilərsiniz, amma mərkəzdə isə bu, yoxdur. Xüsusən də tarixi abidələr olan yerdə alçaq mərtəbəli binalar var.
- İtaliya mədəniyyəti, yeməkləri ilə yanaşı, həm də mafiyası ilə məşhurdur. Orada hansısa mafioz hadisələrin şahidi olmusunuzmu?
- Mafiya ilə bağlı heç bir məlumatım yoxdur. Sıravi vətəndaş həyatı sürdüyümə görə, bu barədə çox bir şey bilmirəm.
Heç vaxt hansısa xidmətlərdən istifadə edərkən pis münasibətə və ayrı-seçkiliyə məruz qalmamışam.
- Son olaraq müsəlmanlara qarşı bəzi ölkələrdə diskriminasiya var. Haçansa diskriminasiya və ya rasizmə məruz qalmısınızmı?
-Burada rasizmə, diskriminasiyaya məruz qalmamışam. Hansısa bir italyandan, "millətçi"dən belə bir münasibət görmüşəmsə də unutmuşam. Əgər görürəmsə də, onu adətən insana bağlayıram. Fikirləşirəm ki, o insanın dar düşüncəliyindən irəli gəlir. Cəmiyyət içərisində toplu olaraq heç vaxt sıxışdırıldığımı hiss eləməmişəm. İnsanların sənə adaptasiya olmasına zaman lazımdır. Çünki onlar başıbağlı insanın öz aralarında olmasına öyrəşməyiblər.
Geyimimə gəldikdə isə bəzən yaşlı insanların baxdığımı görürəm. Amma bu, heç vaxt məni narahat edəcək bir şəkildə olmayıb. Ola bilər ki, onlara maraqlı gəlir. Onu da deyim ki, heç vaxt hansısa xidmətlərdən istifadə edərkən pis münasibətə və ayrı-seçkiliyə məruz qalmamışam.
Sənin necə biri olduğunu görəndən sonra əlbəttə ki, şans tanıyırlar. Bir gəlmə kimi başının bağlı olub-olmamasının fərqi yoxdur. İş və ya digər seçimlər zamanı yerli vətəndaşdan daha geridə olursan. Bu belədir. Yerli vətəndaşı yox, səni seçmələri üçün əlbəttə ki, biliyin və qabiliyyətinlə çox səy göstərməlisən. Bu, bir reallıqdır və dünyanın hər yerində belədir.
- Vaxt ayırdığınız üçün çox sağ olun.
- Siz də sağ olun, minnətdaram.
Söhbətləşdi: Billurə Yunus