Xəbər verdiyimiz kimi, Abşeron rayonunda Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi (xanım) məktəbin döşəməsini sildirməsi ilə bağlı məlumatlar yayılıb.
Abçeron-Xızı Regional Təhsil İdarəsindən "Demokratikmusavat.com" -ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin direktoru daxili-nizam intizam qaydaları tətbiq edib:
"Bildiririk ki, Elm və Təhsil Nazirliyinin 08.02.2023-cü il tarixində 36-D-22 nömrəli məktubuna əsasən Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə bütün ölkə üzrə eləcə də Abşeron-Xızı Regional təhsil İdarəsi üzrə 20 ümumi təhsil müəssisəsində tətbiqinə başlanılıb. Abşeron rayon Mehdiabad 4 nömrəli tam orta məktəb də pilot məktəblər sırasına daxil olubdur. Bu yöndə nümunəvi fəaliyyət planı hazırlanıb, şagirdlərlə görüş keçirilməsi, tapşırıqlar verilməsi, daxili-nizam intizam qaydalarının hazırlanması və təkliflərin verilməsi ilə əlaqədar olaraq direktorlara müvafiq tapşırıqlar verilib. Lakin Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru təlimata zidd olaraq, şagird-davranış qaydalarının məktəblərdə pilot layihə kimi tətbiqindən öncə, nəzərdə tutulmayan qaydada 03.02.2023-cü il tarixdə pedaqoji şura iclası təşkil edərək daxili-nizam intizam qaydaları tətbiq edib. Bütün bu göstərilənlərlə əlaqədar araşdırılma aparılıb, təlim-tərbiyə işləri üzrə təşkilatçı müavinin, eləcə də məktəb direktorunun izahatı alınıb. Araşdırma nəticəsində şagirdin davamiyyətinin zəif olması aşkarlanıb. Araşdırma zamanı şagirdin növbətçilik əsasında təmizlik işlərinə cəlb edilməsi faktı öz təstiqini tapıb. Bildiririk ki, hazırda araşdırma davam edir, məsuliyyətli şəxslər müvafiq qaydada intizam tənbehi ilə cəzalandırılacaq".