Sumqayıtda yumruqla adam öldürən bərbərdən XƏBƏR VAR 

 

Sumqayıt şəhərində mübahisə zamanı sağlamlığa zərər vuraraq ölümə səbəb olmaqda təqsirli bilinən İlkin Muxtarov məhkəməyə apellyasiya şikayəti verib.

Demokratikmusavat.com xəbər verir ki, onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədərliyi ilə baxılır.

İş üzrə məhkəmə baxış iclası martın 14-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə araşdırması zamanı məlum olub ki, Sumqayıtda bərbər kimi fəaliyyət göstərən İlkin hadisədən bir neçə gün əvvəl Sumqayıt şəhərində bir qızla tanış olub. O, iyunun 21-də həmin xanımla Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən məktəbin yaxınlığında görüşüb. Bu zaman həmin məhəllədə Pərviz, Fuad və Vahid adlı gənclər ona yaxınlaşıb və başındakı eynəyi, üstündəki pulu və mobil telefonunu əlindən alaraq döyüblər. Bundan sonra İlkin dostlarını həmin yerə çağırıb və onu döyən şəxsləri axtarıb. Bir qədər keçdikdən sonra onlar Fuad və Vahidi görərək hücum ediblər və onlara zərbələr endiriblər. Zərbənin təsirindən Vahid yerə yıxılıb və başı daşa dəyərək ölüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi İlkin Muxtarovun qəsdən adam öldürmə cinayətində deyil, Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan ölümə səbəb olduqda maddəsi ilə mühakimə edilməsinə qərar verib.

Məhkəmənin hökmü ilə ona 11 il həbs cəzası verilib.

0.19405698776245