İnsanları qorxudan zəlzələ: Azərbaycanda hündür binalara qadağa, cavabdehlər...

 

Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra ANS TV-nin efirində 2002-ci ildə yayımlanmış süjet yenidən gündəmə gəlib. Süjetdə keçmiş Tikinti və Arxitektura Komitəsinin idarə sədri 2003-cü ildən Azərbaycanda 16 mərtəbədən hündür binaların tikilməyəcəyini deyir.

Bu da seysmik aktivliyin artması ilə izah olunur. Xəbərdə binaların konstruktiv sxeminin özünü doğrultmaması və seysmik aktivliyin artması səbəb kimi göstərilir.

Maraqlıdır ki, binalarda təhlükəsizlik məsələləri ilə o dövrdə adıçəkilən komitə məşğul olsa da, bu qurum 2006-cı ildə ləğv edildi və əvəzində yaradıldı.

Ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları isə Fövqəladə Hallar Nazirliyinə verildi.

Yəni binaların təhlükəsizliyi ilə əlaqədar məsələlər hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətində deyil.

Bəs, bu Komitə tikilərlə bağlı icazə verərkən hansı meyarları əsas götürür?

Səlahiyyətlərin FHN-ə keçməsindən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə icazə vermək funksiyası var. Komitə tikintiyə sıxlıq əmsalı, ara məsafəsi, memarlıq quruluşu, planlaşdırma məsələlərinə baxdıqdan sonra rəy verir. Yəni torpağın sənədi memarlığı, planlaşdırma işləri qaydasındadırsa, Komitə digər qurumlardan verilmiş rəylər əsasında tikintiyə icazə verir.

Digər tərəfdən, binaların tikintisində istifadə olunan tikinti materiallarının yoxlanılması, ərazinin geoloji quruluşu, sürüşmə zonasının olub-olmaması ilə bağlı məsələlər də FHN-in nəzarətindədir.

Bakı Şəhər İcra Hakimiyyəti də tikinti üçün torpaq ayrılarkən digər dövlət qurumlarından verilmiş rəyi nəzərə alır.

Seysmoloji Xidmət Mərkəzi bu işin harasındadır?

Son günlər əhali arasında zəlzələ ilə bağlı yaranmış narahatlıqların bir səbəbi də Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilməsi üçün onlara müraciət edilmədiyini söyləməsidir.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun APA-ya müsahibəsində məsələyə aydınlıq gətirib. O deyib ki, heç bir normativ hüquqi sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət və onlardan rəy alınması nəzərdə tutulmayıb. 

O bildirib ki, 2019-cu ilə qədər sənədlərdə yox, praktikada belə bir şey olsa da, sonradan dayandırılıb.

“Hər bir investor, layihəçi tərəfindən layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. 

Sonra bu hesabat Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orada geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Gördüyünüz kimi, bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir” – E.Əsədov söyləyib.

Bakıda binalar neçə ballıq zəlzələyə davamlıdır?

Zəlzələ mövzusu aktuallaşandan sonra insanların ən çox cavabını almaq istədiyi sual təbii ki, Bakıdakı tikililərin neçə ballıq zəlzələyə davamlı olmasıdır.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseyinli son illər ölkəmizdə tikilən çoxbərtəbəli binaların 8-9 ballıq zəlzələyə davamlı olduğunu söyləyib.

Hündürmərtəbəli binalara qadağa qoyulacaqmı? - İki fərqli cavab

Yazının əvvəlində qeyd olunduğu kimi, Bakıda hündürmərtəbəli tikililərin qadağan olunması məsələsi yenidən gündəmdədir.

Bu barədə açıqlamalar isə bir-birindən fəqlənir.

Belə ki, FHN rəsmisi Elxan Əsədov bu fikirlərin əsassız olduğunu deyib. O bildirib ki, Azərbaycanda nəinki 9 mərtəbədən yuxarı, hətta 75 metr və daha hündür binalar tikmək olar:

“Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin”.

Milli Məclisin deputatı Vahid Əhmədov isə Modern.az-a açıqlamasında Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılmasının nəzərdən keçirildiyini deyib.

“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək”.

Billurə Yunus
Demokratikmusavat.com

0.21797394752502