Dişi qartal erkəyi necə seçir...

 

Qalib ARİF:
“Qısa hekayılər” silsiləsindən
Bilirsiz dişi qartal erkəyi necə seçir? Bir dəfə və ömürlük - bu, əsl möcüzədir, əfsanədir. Deməli, dişi qartal yazın həvəsilə yaşıllaşan ağac zoğlarından birini qoparır, dimdiyinə alır, göylərə qalxır. Onu yazın nəfəsinə səs verən erkək qartallar dövrəyə alır. Dişi qartal ağac zoğunu aşağı buraxır. Bu zoğu tutmaq və gözələ qaytarmaq uğrunda igidlərin arasında əsl mübarizə, müharibə başlayır. Səs-küy, lələklər ətrafa yayılır...

Bu mübarizədə igidlərin biri qalib gəlir və yaşıl ağac zoğunu gözələ qaytarır. Dişi qartal dərhal zoğu alır, goyə qalxır və yenidən aşağı atır. Bu hadisə, erkək qartallar arasında mübarizə dəfələrlə təkrar olunur. Ağac zoğunu qaytaran qartallar müxtəlif olur. Bu zoğu daha çox qaytara bilən erkək qalib hesab olunur, mükafatı da dişi qartal olur. Amma səbr edin, dostlar, təbiət cəmiyyət deyil və burda səbəbsiz hadisələr olmur...

Dişi qartal bu mübarizədə qalib gələn erkəklə cütləşir, dağın döşündə, qayaların əlçatmaz yerində yuva qururlar. Yuva sərt, sim kimi ağac budaqlarından hörülür. Təbii ki, dişi qartal bu sərt yerdə yata, hətta yumurtlaya bilər. Amma küləyin cövlan etdiyi yerdə yumurtaları qızdırmaq, ətcə balaları yatdırmaq olmaz. Odur ki, qartallar qanadlarından, quyruqlarından lələkləri çıxarır, sərt budaqların üstünü örtürlər. Sonra növbə qanadların, qarnın altındakı yumşaq tüklərə çatır. Beləliklə, qartallar balalarına “lyuks” düzəldirlər...

Amma qartallar balalarını ərköyün böyütmürlər. Ətcə balalar azca tüklənən kimi yuvadan yumşaq tükləri çıxarıb atırlar, balalar lələklərin üstündə qalır. Tam tüklənəndə növbə lələklərə çatır, balalar sərt ağac çubuqlarının üstündə qalır. Bu andan başlayaraq, ana qartal ovu yvaya gətirmir. Bir az aralı qayanın üstünə qonur, dovşanı, ya ilanı parçalayıb yeməyə başlayır. Balalar (adətən 2 olur) yuvada hay-həşir salır, amma yemək almırlar. Özləri hərəkətə gəlməyə, qayanın üstü ilə ova tərəf getməyə məcbur olurlar. Bu zaman balalar təbii ki, qayadan uçruma yıxılırlar...

Ata qartal da yaxınlıqda bunu gözləyir. Dərhal qayadan qopur, aşağı şığıyır, balanı göydə tutur və yuvaya qaytarır. Bu hadisə gün ərzində bir neçə dəfə təkrar oluna bilər, amma balalar bir dəfə də uçuruma düşmürlər. Dişi qartal bir vaxtlar erkəyini nahaq yerə seçməmişdi ki,.. Qartalla yaşamaq, qartal böyütmək üçün çeçmişdi...
Demokratikmusavat.com

0.19579291343689