Paytaxtda qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Müseyib Həsənovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində qonşusu Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.
Aldığı xəsarətdən Şamil Kərimov hadisə yerində ölüb. Sabunçu rayonu 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müseyib Həsənov tutulub.
İş üzrə dindirilmiş Müseyib Həsənov ifadəsində bildirib ki, hadisədən təxminən 3 ay əvvəl həyətində mal-qara kəsdiyi üçün qonşusu Şamil Kərimov ona iradını bildirib. Sonuncunun sözlərinə görə həmin qoxu və səs onu və ailəsini narahat edib.
Buna görə aralarında hər hansı bir mübahisə olmayıb. Əksinə o, Şamillə razılaşaraq ona bundan sonra həyətlərində heyvan kəsməyəcəyini söz verib.
Müseyib Həsənov ifadəsinin davamında bildirib ki, hadisə baş verən gün yaşadığı evin qarşısında dayandığı vaxt Şamil Kərimov idarə etdiyi avtomobili yanında saxlayaraq ona tərəf baxıb və təhqir edici ifadə işlədib. Buna görə Müseyib Şamilə onu bir dəqiqə gözləməsini bildirərək evə girib. Yataq otağındakı yastığın altında olan bıçağı götürüb küçəyə çıxıb. Şamil onun əlindəki bıçağı gördükdə kinayəli şəkildə gülümsəyib. Müseyib isə yaxınlaşıb əsəbi halda ondan nə istədiyini soruşub. Bu zaman Şamil onun üstünə gələrək əlləri ilə onun boğazından tutub. Bir-biri ilə qarşı-qarşıya dayandıqları vaxt o, sağ əlindəki bıçaqla Şamilə döş qəfəsindən iki zərbə vurub.
Müseyib Şamili vurduqdan sonra özünün əlinin kəsildiyini görüb həyəcanlanıb. Şamilin oğlanlarının evdə olduqlarını bilib atalarının köməyinə gələrək onu öldürəcəklərindən qorxub.
Bu səbəbdən hadisə yerindən uzaqlaşaraq yola tərəf gedib. Bir qədər sonra özünə gəldikdən sonra xalası oğluna zəng edərək qouşusunu öldürdüyünü deyib.
Daha sonra qardaşı Rasim ona zəng edərək polis əməkdaşlarının onu axtardığını və təcili bölməyə getməli olduğunu deyib. O, polis bölməsinə gedərə qonşusunu bıçaqla vurduğunu bildirib və aaləti təhvil verib.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Anar Kərimov bildirib ki, Müseyib Həsənov atasını bıçaqlayarkən hadisənin şahidi olmayıb. Bu barədə xəbəri anasından eşidib.
Məhkəmə prosesində Müseyib Həsənov ittiham üzrə özünü təqsirli hesab edib.
Sonda məhkəmənin hökmü ilə Müseyib Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Natiq