Böyük qardaşına görə adam öldürdü - Bakıdakı qətlin təfərrüatı (FOTO)

 

Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirli bilinən Anar Səlimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Qaraçuxur qəsəbəsindəki internet klubların birində iki şəxs arasında baş verən narazılıq kütləvi davaya çevrilib. Dava zamanı Anar Səlimov bıçaqla Nazim Həşimova üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çadırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Anar Səlimov saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Anar Səlimov bildirib ki, hadisə baş verən gün günorta dostları ilə görüşmək üçün həyətə düşüb. Sonra isə evin qarşısında fəaliyyət göstərən internet kluba keçib. İçəri daxil olduqda Nazim Həşimov ona uca səslə qapını bağlamasını deyib. Sonra isə yanına çağıraraq sifətinə şillə vurub. Anar bir söz demədən klubdan çölə çıxaraq telefonla qardaşı Rəşada zəng vurub və Nazimin onu vurduğu barədə xəbər verib. 

Qardaşı gəlib internet kluba daxil olaraq Nazimi çölə çağırıb. Söhbət zamanı onlar bir-birilərini söyüb əlbəyaxa olublar. Lakin klubda olan şəxslər çölə çıxaraq onları ayırıblar. Sonra Rəşad Anarı evə aparıb və mənzildə qalmasını tapşıraraq özü aşağı düşüb. Qardaşı gedəndən bir müddət sonra Anar da bıçaq götürərək həyətə düşüb, Rəşadı axtarmağa başlayıb. 

Binanın yanında olan çay evinin qarşısına çatan zaman qardaşının döyüldüyünü görüb. Bu səbəbdən üzərində olan bıçağı çıxarıb qorxutmaq üçün Nazimin qarın nahiyyəsinə zərbə vurub.

Anar Səlimovun sözlərinə görə, bu hərəkətlər ani olaraq baş verib. Əsəbi olduğu üçün Anarın hansı nahiyyəsinə neçə zərbə vurmasını bilməyib. 

Nazimi vurduqdan sonra qorxaraq dərəyə tərəf qaçıb. Əynində gödəkçəsi olmadığı üçün bir qədər sonra məhəlləyə gəlib, evə qalxıb pul və gödəkçəsini götürüb Mərdəkan qəsəbəsinə gedib. Səhərisi gün polis bölməsinə gələrək təslim olub. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Zümrüd Əhmədova ifadəsində deyib ki, xəstəxanaya çatanda oğlu Nazim artıq əməliyyat otağında olub, az sonra isə ölüb. Digər oğlu Ümüddən nə baş verdiyini söruşduqda, o, Nazimin kiminləsə mübahisə etdiyini və dava zamanı ona bıçaqla xəsarət yetirildiyini deyib. 

Məhkəmə prosesində ittiham üzrə özünü təqsirli bilib.

İş materiallarından görünüb ki, Anar Səlimov cinayət törədərkən yetkinlik yaşına çatmayıb. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən nəzərə alıb ki, ona elan olunacaq cəzanın müddəti 10 ildən artıq ola bilməz.

Sonda məhkəmənin hökmü ilə yetkinlik yaşına çatmayan Anar Səlimov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.17055106163025