Deputatdan Brüsseldə çağırış: bölgədə gərginliyi artırmağa çalışan ölkələr…

 

Azərbaycanlı deputat Avronestdə Cənubi Qafqaz bölgəsində gərginliyi artırmağa çalışan ölkələri və təşkilatları bu cür təşəbbüslərdən çəkinməyə, separatizmə dəstək verməməyə çağırıb.

Demokratikmusavat.com ” xəbər verir ki, belə bir çağırışla Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov assambleyanın onuncu növbədənkənar sessiyasının işçi iclasında çıxış edib. Pandemiya ilə mübarizədə Azərbaycanın dünya ilə güclü həmrəylik nümayiş etdirdiyini bildirən deputat, vurğulayıb ki, ölkəmiz bütün insanların peyvəndə əlçatanlığının artırılması istiqamətində təşəbbüslərə fəal dəstək verib. 

Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində yüzminlərlə azərbaycanlının öz evlərini tərk etməyə məcbur olduğunu diqqətə çatdıran deputat qeyd edib ki, Azərbaycan 1988-1992-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətinin ən dağıdıcı sosial təsirləri ilə üzləşmiş və yüz minlərlə insanın ərazisini işğal etmiş ölkədir. Azərbaycanlılar öz yurdlarından zorla qovulub, bir milyona yaxın azərbaycanlı işğal olunmuş ərazilərdən didərgin düşüb.
Müharibədən və işğaldan əziyyət çəkmiş ölkə olmasına baxmayaraq, Azərbaycanın bu gündə regionda sülh və təhlükəsizliyə istiqamətlənmiş siyasət yürütdüyünü diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasına xidmət edən proqramın icrasına başlayıb. 
S.Məmmədov Ermənistan nümayəndə heyəti üzvlərinin çıxışlarında ölkəmiz əleyhinə səsləndirdiyi əsassız ittihamlara cavab olaraq bildirib ki, Azərbaycan öz Konstitusiyasına uyğun olaraq, erməni əsilli vətəndaşlarının bütün hüquqlarının təmin olunmasına zəmanət verdiyini dəfələrlə bəyan edib. Bildirib ki, Azərbaycan dövləti bütün süni maneələrə, Ermənistanın, eləcə də bəzi digər ölkələrin destruktiv fəaliyyətinə baxmayaraq, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməyə hazırdır. “Erməni nümayəndə heyəti üzvlərinin narahatlığı anlaşılmazdır. Azərbaycan milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının təhlükəsizliyinin qayğısına qalır. Əgər Ermənistan həqiqətən regionda sabitliyin təmin olunmasında maraqlıdırsa bunu sülh sazişi ilə həyata keçirmək mümkündür”. 

S.Məmmədov bildirib ki, Azərbaycan regionda gərginliyi artırmağa çalışan ölkələri və təşkilatları bu cür təşəbbüslərdən çəkinməyə, regionda separatizmə dəstək verməməyə çağırır. O, sülh prosesinin, dialoqun dəstəklənməsinin vacib olduğunu vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.16248798370361