Bakıda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Əliağa Qasımovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, 54 yaşlı Əliağa Hüseyn oğlu Qasımov rayonu ərazisində 3-cü mədən küçəsində qonşusu Xəqani Həsənovu bıçaqlayıb. Ağır xəsarət alan Xəqani Həsənov yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əliağa Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
İş üzrə dindirilmiş Əliağa Qasımov bildirib ki, hadisədən 2 ay əvvəl onun Xəqani Qurbanovla ilk dəfə mübahisəsi olub. Həmin vaxt Xəqaninin həmyerlisi və qonşusu olan Murad Salmanovun arvadı küçədə ayaq yolu üçün qazdığı quyuya çirkap su atdığı üçün Muradla mübahisə edib. Münaqişə zamanı Xəqani Muradın tərəfini saxlayaraq ikisi birlikdə onu hədələyiblər. Lakin bundan bir müddət sonra Muradla onun münasibətləri yaxşılaşıb.
Həmin mübahisədən 1 ay sonra Əliağa Xəqaninin həyətindən 300-400 metr aralıda dəmir hissəsi tapıb evə gətirib. Bundan xəbər tutan Xəqani ona bir daha həyətinin yanına gəlməməyi bildirib. Bu məsələdən sonra münasibətləri daha da gərginləşib.
Bir neçə gündən sonra Xəqaninin arvadı onların həyətinə gəldikdə Əliağa qadının hətəyinə girməsinə etiraz olaraq "102" məlumat xidmətinə zəng vurub şikayət edib. Onun sözlərinə görə martın 10-da günorta Xəqaninin 8 yaşlı oğlu onun həyətinə gəlib. O, əvvəl uşağın kim olmasını bilməyib. Lakin biləndən sonra ki, o qonşusunun oğludu onu həyətdən qovub.
Saxlanılan şəxsin sözlərinə görə, axşam saat 20:00 radələrində evdə yemək yeyərkən araq içib.Təxminən yarım saatdan sonra mətbəxdən bıçaq götürərək Xəqaniyə uşağının onun həyətinə gəlməməsini tapşırmağa yollanıb.
Qonşusunun həyət qapısı açıq oduğundan o, həyətə keçib və evin qapısını döyüb. Qapıya Qurbanovun arvadı və Elvin adlı oğlu çıxıb. Əliağa Xəqanini çağırmalarını xahiş edib.
"Həyətin qapısı açıq idi girdim həyətə qapını döydüm arvadı uşağı çıxdı. Dedim Xəqanini çağırın. Xəqani gələn kimi mənə dedi nə istiyirsən?. Dedim demirsən mənim həyətimə girmə. Bəs sənin oğlun mənim həyətimdə neynir? Başladı söyüş söyməyə. Hətta əlqol da atdı. Mən də üstümdə bıçaq götürmüşdüm. Ürəyindən bir dəfə vurdum".
Xəqani vurulduğunu anlayanda qışqırmağa başlayıb. Səsinə yoldaşı və uşağı çölə çıxıblar. Əliağa Qasımov isə bıçağı cibinə qoyub evə qayıdıb və arvadına qonşusunu vurduğunu deyib.
Bir qədər sonra hazırlaşıb evdən çıxana qədər polis əməkdaşları gəliblər. O, bıçağı təhvil verərək polis bölməsinə gəlib.
Məhkəmə proseisndə Əliağa Qasımov itiham üzrə özünü təqsirli bilməyərək həmin axşam bıçağı özünü müdafiə etmək məqsədi ilə götürdüyünü və mərhumu bıçaqla vurduğu zaman orada heç kimin olmadığını göstərib.
Onun bu ifadələri məhkəmə tərəfindən rədd edilib və özünü müdafiə etməsi kimi qiymətləndirilib. Çünki təqsirləndirilən şəxsin niyyəti və məqsədi yalnız Xəqani Qurbanovu öldürməyə yönəldilib.
Sonda məhkəmənin hökmü ilə Əliağa Qasımov 14 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq