Tərtərdə baş verən dəhşətli qətllə bağlı yeni iddialar

 

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayonunda baş verən dəhşətli qətllə bağlı Moderator.az-a yeni və mediada yayılan əvvəlki məlumatlardan fərqli informasiya daxil olub. 

Qeyd edək ki, qatil 1969-cu il təvəllüdlü Asəf Məmmədov (xatırladaq ki, qatilin doğum tarfixi bundan öncəki rəsmi və qeyri-rəsmi məlumatlarda yanlış göstərilib) 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Məmmədovanı və həyətlərində usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi qətlə yetirib.

Bəlli olub ki, Asəf Məmmədovun qətli törətməkdə başqa niyyəti də olub...

Belə ki, əri tərəfindən qətlə yetirilən mərhum Gülnar Məmmədovanın qohumları Moderator.az-la əlaqə saxlayaraq baş vermiş dəhşətli hadisənin bəzi təfərrüarlarını çatdırıblar. Bəlli olub ki, sən demə, cinayətkar izi azdırmaq və törətdiyi ağır cinayəti yüngülləşdirmək üçün öz aləmində hiyləgər bir yola əl atıb:

"Gülnar Məmmədova öz namusu, ləyaqəti, bacarığı və işində peşəkarlığı ilə seçilən bir şəxs olub. Həyat yoldaşı illərdi Topaz da qumar oynayıb və heç cür onu bu bəladan çəkindirmək mümkün olmayıb. Nəticədə külli miqdarda pullar uduzub və hər dəfə mərhum həyat yoldaşını gah dilə tutmaqla, bu alınmadıqda hədə qorxu gəlməklə pullar alaraq, bəzən hətta qızı-zinət əşyalarını satdıraraq qumardakı borcunu ödəyirmiş. Üstəlik, mərhum həyat yoldaşının qardaşları da kürəkənin hərəkətlərindən boğaza yığılıblarmış və bəzən onlar da qatilin borcunu ödəmək üçün ona pul verirmişlər. Qətli gecə saat 4 radələrində törədib və yatdığı yerdə Gülnar Məmmədovanın boğazını kəsib.

Sonuncu dəfə qətldən bir həftə qabaq qatil Asəf Məmmədov Gülnar Məmmədovadan pul istəyəndə vermədiyinə görə onu ölümlə hədələyib. Asəf Məmmədov öz cinayətini ört basdır edərək bunu namus üstündə törətdiyini quraşdırmaq üçün heç bir günahı olmayan 1991-ci il təvəllüdlü usta Namiq Allahverdiyevi də qətlə yetirib. Halbuki həmin usta hədsiz dərəcədə kasıb bir adam olub və öldürüləndə üstündə 20 manatlıq köhnə telefon olub. Təsəvvür edin ki, qətli törədəndən sonra Asəf uşaqlarını götürüb aparıb atasıgildə qoyub. İçki aludəçisi olan Asəf sonra gedib rayon mərkəzindəki kafelərdən birində xaş yeyib qayıdıb və həyətdə işləyən ustanı tüfənglə 2 güllə vurmaqla qətlə yetirib. Usta həyətdə tək deyilmiş. Atası ilə birlikdə imiş, onu öz atasının gözü qarşısında qətlə yetirib. Atası qaçıb camaatı köməyə çağırsa da gec olub. İki qətl arasında təxminən 6 saat vaxt fərqi olub".

Mərhumun qohumlarının bildirdiyinə görə, dünən rayonda keçirilən yas mərasimində icra başçısı da daxil olmaqla rayonun bütün sayılıb seçilən şəxsləri iştirak edib.

Qeyd edək ki, Tərtər İcra Hakimiyyətində baş məsləhətçi işləyən və iki ali təhsili olan Gülnar Məmmədovanın iki azyaşlı övladı - bir qızı, bi oğlu qalıb. 

0.14136099815369