Bu şəxslərə quru sərhəddən istifadə imkanı yaradılsın - TƏKLİF

 

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur.

Demokratikmusavat.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar bayramov deyib. O bildirib ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçdi. Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq, həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir:

"Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq, tələbələrin çoxunun quru sərhədləri vasitəsi ilə vətəninə qayıtmağa üstünlük verməsi anlaşılandır".

Millət vəkilinin sözlərinə görə, bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir: "Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması, məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrin quru sərhəddən istifadəsinə icazə verilməsi, onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı".

"Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı", - deyə V. Bayramov əlavə edib.

Könül

0.19275498390198