Bəhram "rayonlu-şəhərli" söhbəti haqda: "Qələt edərəm"

 

"Ölkəyə bu qədər sərmayə qoyulur, iş gedir. Və xaricilər gəlib özünü apara bilməyən tərbiyəsiz vətəndaşları görəndə, işlərimiz puç olur. Mənə dedilər ki, Bəhram bakılılarla rayonluları bölür. Bu yalan söhbətdir, mən heç vaxt rayon, kənd sözü istifadə etməmişəm, şəhərə gələn insanlar demişəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Danışaq?” verilişində deyib. Aktyor onu düzgün başa düşmədiklərini bildirib:

"Birincisi bu, Bakı kəndlərindən, Moskvadan və Ərəbistandan gələn turistlər də ola bilər. İkincisi isə rayon camaatını Bakı ilə müqayisə edə bilmərəm, cinayətkar olaram. İnsanlara qarşı yox, öz nəslimə qarşı. Çünki mənim babalarım, nənələrim ucqar kəndlərdən gəlib və Bakıda məskunlaşıblar. 1946-cı ildə babam Basqal kəndindən gəlib, Bakıdakı şamaxılılar məhəlləsində yerləşib. Bu gün rayon elə, rayon belə deyə bilmərəm. Qələt edərəm. Sabah onların ahı məni tutar. Babamla nənəm deyər ki, biz də kənddən gəlmişik. Məni düz başa düşmədilər, düşmək istəmədilər. Hamısı savadsızlıqdan, cahillikdən irəli gəlir. Həmin videoya da baxmayıblar, hansısa çayxanada eşidiblər ki, "Bəhram Bağırzadə rayonları pisləyib". Mən harada onu demişəm? Təqribi eşidirlər və dərhal vuraq, öldürək, dağıdaq deyirlər. Bir videoya bax, fikirləş ki, nə demək istəmişəm. Sözüm budur ki, istəmirəm məmləkətimdə cahil insanlar olsun. Təkcə Bakıda yox, Naxçıvanda, Lənkəranda, Zaqatalada da tərbiyəli, mədəni olun. Niyə sən küçəyə zibil atmalısan, tüpürməlisən, dama çıxmalısan. Bizdə hələ indiyədək növbə mədəniyyəti yoxdur. İnsanlar gəlir məndən kitab almağa, başa sala bilmirəm ki, növbədə dayanın".

Əməkdar artist ona yazılan tənqidlərdən də danışıb:

"O qədər cahil insanlar var ki, məbə söyüşlər, qarğışlar yazıblar. Bilirsiniz nələr yazırlar? Deyirlər, kaş koronavirus səni aparardı, ölüb gedərdin. Görün nə qədər bu insan Allahsızdır ki, bu sözləri yaza bilir. Amma mən onların hamısı üçün dua edirəm. Nə əsəbiləşirəm, nə qarğış edirəm, nə də ürəyimdə söyürəm. Hamısı üçün dua edirəm. Güclü kişi heç zaman qarğış edib söyüş söyməz. O ancaq zəiflikdən irəli gəlir. Hər gün dua edib deyirəm ki, ay Allah, onlara hidayət ver, onlara ruzi-bərəkət ver ki, onda-bunda gözü qalmasın. Heç kimə daş atmasınlar, öz işləriylə məşğul olsunlar. Bacaran insanları da narahat etməsinlər".

0.16363596916199