20 Yanvar şəhidinin övladı: “Atamı tapa bilmirdik, yuxuda bizə yerini işarə edib dedi ki...” - FOTO

 

“O zaman mənim beş yaşım var idi. Yadıma gələn odur ki, Nərimanov rayonunda, Bakı Metropoliteninin yataqxanasında qalırdıq. Binada yaşayan bütün ailələrin böyükləri, kişilər, böyük oğlanlar ayın 19-dan evdən getdilər. Mənim atam da onların arasında idi. Gedənlər qayıtdılar, atam yox idi…”

Bu sözləri Oxu.az-a 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanları bahasına Azərbaycana müstəqillik qazandıran şəhidlərimizdən olan Əflatun Kazımovun oğlu Surac Kazımov deyib.

Hələ uşaq olduğu üçün o gün baş verənləri çox xatırlamayan Surac Kazımov atasının yoxluğunu bu günə qədər də hiss edir, barışa bilmir: 

“Həmin gün səhərə yaxın bizim qaldığımız binadan gedən bütün insanlar qayıtdılar. Mənim atam gəlmədi. Bəzi şeyləri ağıl yox, ürək hiss edə bilir. Evdəki təlaşdan hiss edirdim ki, atam hara gedibsə, bir daha geri qayıtmayacaq. Sonra mənə dedilər ki, sənin atan şəhid olub.

Təbii ki, o yaşda mənə atasızlığı izah etmək çətin idi. Amma bunun nə demək olduğunu atasız böyüyərkən anladım. Çox çətin idi, hər an atasızlığı hiss etmişəm, amma biləndə ki, atam nə üçün şəhid olub, onunla fəxr etmişəm. 1990-cı ilin yanvar hadisələrində atam da digərləri kimi küçələrdə etirazlara qoşulub, Azərbaycanın müstəqilliyi naminə canından keçib. Hadisəni tam xatırlamıram, amma böyüklərimizdən soruşmuşam. Onlar deyirdilər ki, atama getməməsi üçün çox israr ediblər, amma atam onlara qulaq asmayıb. Bir neçə gün etiraz aksiyasına qoşulub. Sonuncu dəfə yanvarın 19-da evdən çıxıb və gecə evə gəlməyib. Böyüklərimiz atamı axtarmağa başlayıblar, bir neçə gün xəbər ala bilməyiblər. O zaman hamı atamın artıq həyatda olmadığına əmin olub”.

Atam yuxuda bizə yerini işarə etmişdi…

361049

Surac Kazımov deyir ki, bir neçə gün atasının nəşini tapa bilməyiblər:

“Əmimgil axtarır, amma tapa bilmirdilər. Hətta bir neçə dəfə morqa getmişdilər, onun nəşinin olduğu sıraya qədər bir-bir baxıb, sonrakılara baxmamışdılar. Atam sanki bizim narahatlığımızı duyub, işarə vermişdi. Atam əmim arvadının yuxusuna girib, deyib ki, “morqa gəlib-gedirsiniz, amma mən olan tərəfə gəlmirsiniz, buradayam”. Həmin gün səhər əmimgil gediblər morqa, görüblər ki, doğrudan da, son sırada yığılan nəşlərin içində atam da var. İnsanların meyitləri elə halda idi ki, əzizlərini axtaranlar tanımaqda çətinlik çəkirdilər. Əmim deyirdi ki, atanın bədənində dörd güllə yarası var idi. Hamısı döş qəfəsinə vurulmuşdu”.

Ailədə dörd uşaq olduqlarını deyən 37 yaşlı Surac Kazımov deyir ki, hadisə vaxtı böyük bacısı rayonda, nənəsigildə, digər üç uşaq isə anası ilə Bakıda, yataqxanada qalırmış. 

İldən-ilə böyüyən kədərin fotosu…

361050

Şəhid övladı olması ilə qürur duyduğunu deyən Surac Kazımov ürəyində ilbəil böyüyən kədərini də vurğulayır:

“Atamı dəfn edəndə əlimdə şəklini tutmuşdum. Xatırlamıram onu mənə kim vermişdi, lakin onu elə bərk-bərk tutmuşdum ki, əllərim donmuşdu. Uşaq düşüncəsi ilə fikirləşirdim ki, bir dəfə atamı əlimdən buraxdım, geri gəlmədi, şəklini bərk saxlayım. Evə gələndə əllərim soyuqdan gömgöy olmuşdu. Dəfndən sonra hamı əmimgilə, “Şanxay” qəsəbəsinə gəldi. Sonralar internetdə öz şəkillərimi gördüm. O fotonu kim çəkibsə, yaxşı ki çəkib.

Böyüyəndən sonra başa düşdüm ki, mənim atam qalibdir. 20 Yanvar şəhidləri qanları bahasına Azərbaycana müstəqillik qazandırdılar, onlar qalibdirlər. Bu gün məhz onun oğlu olmağım mənim üçün şərəfdir. Atam özü də vaxtilə metropolitenin Tunel-Tikinti İdarəsinin işçisi olub. Onun vəfatından sonra çalışdığı qurum bizim çətinliklərimizi həll etdi, dövlətimiz də ailəmizi daim diqqətdə saxlayır. Mən özüm də metropolitendə çalışıram”.

Hər il 20 Yanvar faciəsinin ildönümünü Şəhidlər xiyabanında qarşılayan S.Kazımov deyir ki, atasının Lənkəranda da abidəsi var:

“Biz əslən qarabağlıyıq, Şuşadan. Amma atam Lənkəranda, Girdəni kəndində böyümüşdü. Torpaqlarımız azad olunandan sonra hələ Şuşaya getməmişəm. Amma inşallah, bir gün gedərəm. Doğma ata yurdumu ziyarət edərəm”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 150 insan öldürülüb, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

0.1694769859314